• Bakı 16° C

    4.59 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

İşdən çıxarılan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

07 Aprel 2025 | 16:41

İşdən çıxarılan müəllimlərlə bağlı RƏSMİ AÇIQLAMA

“Vacib məqamı xüsusilə vurğulamaq istərdim, çünki bu bizə tez-tez ünvanlanan suallardan biridir. İştirakçı layihəni təqdim etdiyi zaman pedaqoji işçi olsa da, sonradan bu statusunu itirərsə, məsələn, işdən ayrılsa və ya fəaliyyətini dayandırsa, o zaman layihə məzmun qiymətləndirməsi mərhələsinə buraxılsa belə, yenidən texniki ekspertizaya qaytarılır və həmin mərhələdən keçmiş sayılmır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsi ilə bağlı “Azərbaycan müəllimi”nə müsahibə verən Elm və Təhsil Nazirliyi Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.

Sektor müdiri bildirib ki, tamamilə elektronlaşdırılmış şəkildə grants.edu.az platforması üzərindən həyata keçirilən müsabiqəyə təqdim olunan bütün layihələr ilkin olaraq texniki ekspertiza mərhələsindən keçirilir. Bu mərhələdə layihənin və iştirakçının müsabiqə elanında qeyd edilmiş şərtlərə uyğunluğu yoxlanılır. Yəni layihənin icra müddəti, büdcəsi, təqdim olunan sənədlərin tamlığı, eyni zamanda iştirakçının pedaqoji statusu və əvvəlki layihələrinin səmərəliliyi nəzərdən keçirilir. Texniki meyarlara tam cavab verən layihələr növbəti mərhələyə – məzmun ekspertizasına buraxılır.

Məzmun ekspertizası mərhələsində layihələr 100 ballıq şkala üzrə, 9 müxtəlif meyar əsasında qiymətləndirilir. Qiymətləndirmə prosesi isə bu sahədə ixtisaslaşmış, yüksək təcrübəyə malik müstəqil ekspertlər tərəfindən həyata keçirilir. Müsabiqənin keçid balı 50-dir, yəni 50 və daha yüksək bal toplayan layihələr qrant almağa namizəd hesab olunurlar. Bununla belə, müsabiqənin ümumi büdcəsi 1 900 000 manat olduğuna görə, yalnız ən yüksək bal ardıcıllığı ilə büdcəyə sığan layihələr qrantla təmin olunur. Bütün bu mərhələlər ərzində iştirakçılar öz layihələrinin statusunu şəxsi kabinetlərindən real vaxtda izləyə bilirlər. Məsələn, əgər iştirakçı texniki ekspertiza mərhələsindən keçməzsə, bunun səbəbi həmin iştirakçının şəxsi kabinetində ətraflı şəkildə göstərilir. Eyni şəkildə, məzmun qiymətləndirməsi mərhələsində hər bir meyar üzrə iştirakçının topladığı ballar da onun şəxsi kabinetində əks olunur. Bu yanaşma bizə prosesin hər addımında iştirakçının məlumatlılığını və şəffaflığı təmin etməyə imkan yaradır: 

“Bir məqamı da qeyd edim ki, qrant qalibləri elan olunduqdan sonra bütün nəticələr ictimaiyyətə açıq şəkildə təqdim olunur. Bu zaman həm layihənin adı, həm ayrılmış büdcə, həm də qrant qalibi barədə əsas məlumatlar açıqlanır. Daha sonra isə qrant qazanmış layihələrin icrası və əldə olunan nəticələr müsabiqənin rəsmi səhifələrində geniş şəkildə işıqlandırılır. Biz hesab edirik ki, bu, həm prosesin şəffaflığını təmin edir, həm də növbəti müsabiqələrə müraciət etmək istəyən təhsil işçiləri üçün ilhamverici nümunə və yol göstərici rolunu oynayır”.


SON XƏBƏRLƏR