İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarının ardınca bölgədə gərginliyin səviyyəsi yenidən yüksəlib. İsrailin hərbi rəhbərliyi “kampaniyanın mühüm mərhələsinin tamamlandığını”, lakin prosesin davam edəcəyini bildirir. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə elan edilən atəşkəsə rəğmən tərəflər bir-birini pozuculuqda ittiham edir.
Qəzza zolağında döyüşlərin yenidən intensivləşməsi isə diqqəti bir qədər yayındırsa da, İran-İsrail qarşıdurmasının sönmədiyi aydındır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi analitik Züriyə Qarayeva bildirib ki, İrail və İran arasındakı münaqişə artıq sadəcə lokal qarşıdurma deyil. Onun sözlərinə görə, İsrailin SEPAH komandanlığını hədəfə alan zərbələri və İrana aid obyektlərin məhv edilməsi Təl-Əvivin strateji qərar qəbul etdiyini göstərir.
Analitik qeyd edib ki, İran bu hücumlara birbaşa olmasa da, vasitəçilər- “Hizbullah”, husilər, İraqdakı milislər vasitəsilə cavab versə də, prosesin gedişatı göstərir ki, İran bundan sonra daha sərt və ehtimal ki, açıq şəkildə reaksiya verəcək. Bu da genişmiqyaslı regional müharibə ehtimalını artırır.
Züriyə Qarayeva, siyasi analitik
Atəşkəsin faktiki olaraq tərəflərin özlərini toparlaması üçün taktiki fasilə olduğunu deyən Z.Qarayeva əlavə edib ki, ABŞ bu yolla hər iki tərəfi nəzarətdə saxlamağa çalışır, lakin hərbi əməliyyatların intensivliyi, ittihamların qarşılıqlı davam etməsi göstərir ki, bu atəşkəs uzunmüddətli sülh üçün zəmin deyil:
"İran və İsrailin mövqelərində ciddi dəyişiklik yoxdur, yəni problem dondurulmur, sadəcə növbəti toqquşma üçün vaxt qazanılır".
Müsahibimiz İsrailin diqqətini Qəzzaya yönəltməsinin İranla münasibətləri ikinci plana keçirmədiyini, bunun yalnız taktiki bir dəyişiklik olduğunu vurğulayıb. Bildirib ki, İsrail bir neçə cəbhədə paralel şəkildə hərəkət edir və Qəzzada hərbi təzyiqləri artırmaqla İranın HƏMAS üzərindəki təsirini də zəiflətmək niyyətindədir.
"Eyni zamanda bu, İranla yeni qarşıdurma mərhələsi üçün operativ hazırlıq dövrü də sayıla bilər. Yəni İranla münasibətlər “pauza”ya deyil, “növbələşmə”yə məruz qalıb".
Politoloq hesab edir ki, bu fonda Yaxın Şərqdə daha böyük müharibə riski kifayət qədər yüksəkdir. İzah edib ki, İranın nüvə infrastrukturu hədəfdə qalmaqda davam edir, İsrail isə bu obyektlərin tam sıradan çıxarılması üçün ABŞ-nin dəstəyinə ümid edir:
"Əgər Vaşinqton birbaşa müdaxilə qərarı versə, bu, münaqişənin regional yox, qlobal səviyyəyə keçməsinə səbəb ola bilər. Rusiya və Çin faktorunu da unutmayaq. Hər iki dövlətin bu prosesdə tutduğu mövqe gedişatı ciddi şəkildə dəyişdirə bilər".
Regionun gələcəyindən danışan həmsöhbətimizin fikrincə, indiki mərhələdə sabitlik üfüqdə görünmür:
"İsrail və İran arasında gərginliyin diplomatik yox, hərbi vasitələrlə həllinə üstünlük verildiyi şəraitdə hər bir yeni hadisə partlayış effekti doğura bilər. Regionda kompromis dili yox, raketlər danışır. Bu isə daha təhlükəli mərhələyə keçidi şərtləndirir".
Zülfü Məmmədov