Yay aylarında avtomobildə ehtiyatsızlıq ciddi problemlərə səbəb ola bilər.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, isti havalarda bəzi əşyaların avtomobildə saxlanması təhlükəli nəticələr doğura bilər.
Belə ki, idarə panelində unudulan alışqanlar yüksək temperaturda partlaya bilər. Həddindən artıq qızmaya məruz qalan batareyalar, enerji bankları və digər elektron qadcetlər də kimyəvi reaksiyaya səbəb olaraq təhlükə yarada bilər.
Həmçinin, avtomobildə saxlanılan bəzi dərman preparatları da istiliyin təsiri ilə öz tərkibini və effektivliyini dəyişə bilər.
Qeyd olunub ki, isti havalarda avtomobilin yuyulması zamanı diqqətli olmaq vacibdir. Birbaşa günəş altında olan avtomobilə kimyəvi tərkibli yuyucu maddələr tökmək düzgün deyil, çünki bu, boya qatında yanıq izlərinə səbəb ola bilər.
Bildirilib ki, yuyucu vasitələrin yumşaq tərkibli olması, toz qalıqlarının yuyulmadan avtomobilə toxunulmaması və yuyucu maddənin pH balansının qorunması da avtomobilin boyasının qorunması baxımından vacibdir.
Yay aylarında həm avtomobilin daxilində, həm də xaricində istiliklə bağlı tədbirlər görmək, həm təhlükəsizlik, həm də avtomobilin uzunömürlülüyü üçün mühüm rol oynayır.
Mina Mikayılova