Azərbaycanla Çin arasında saziş imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, Ningbo şəhərinə səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov “China Energy Engineering Corporation Limited” (CEEC) şirkətinin vitse-prezidenti Xu Lu ilə görüşüb.
Görüşdə Energetika Nazirliyi ilə CEEC arasında cari ilin iyun ayında imzalanmış enerji sahəsində Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində Fəaliyyət Planının icrası ilə bağlı məsələlər müzakirə olunub. Şirkətlə əməkdaşlıq gündəliyinə Azərbaycanda elektrik enerjisi planlaşdırılması və şəbəkə araşdırmaları, Birgə Yaşıl Enerji Tədqiqat Mərkəzinin yaradılması, su, günəş və dənizdə külək elektrik stansiyası layihələri, həmçinin “yaşıl enerji” interkonnektorlarının inkişafı üzrə təşəbbüslər daxildir. Müzakirələr zamanı bu layihələrin hər biri üzrə irəliləyişlər və planlaşdırılan addımlar nəzərdən keçirilib.
Görüş çərçivəsində Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında “Azərbaycanın Elektrik Enerjisi Ötürmə Şəbəkəsinin Tədqiqatına dair Saziş” imzalanıb. Saziş Azərbaycanın 2030-cu il və sonrakı dövrlər üçün bərpa olunan enerji hədəflərinə uyğun olaraq ötürücü şəbəkənin inkişaf etdirilməsini və bu məqsədlə EPPEI institutu tərəfindən texniki məsləhət xidmətlərinin göstərilməsini nəzərdə tutur. Sənədə əsasən, EPPEI tərəfindən Azərbaycan elektrik enerjisi sisteminin mövcud vəziyyətinə uyğun model və simulyasiya işləri aparılacaq, şəbəkə tədqiqatı təhlil ediləcək, hədəf illər üçün enerji tələbatı proqnozlaşdırılacaq və genişmiqyaslı bərpa olunan enerji mənbələrinin inteqrasiyası üçün tövsiyələr hazırlanacaq. Sazişin icrası məqsədilə Azərbaycanda müvafiq qurumların iştirakı ilə İşçi Qrup yaradılacaq.