• Bakı 24° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Tehran Çindən qırıcı təyyarələr alır

DÜNYA

27 Iyun 2025 | 17:06

Tehran Çindən qırıcı təyyarələr alır

 İsrail və ABŞ ilə 12 günlük müharibədə verdiyi itkilərdən sonra İran “Chengdu J-10C” çoxməqsədli qırıcıları almaq üçün Çinlə danışıqları aktivləşdirib.

Bakıvaxtı.az azvision-az-a istinadən xəbər verir ki, öz Hərbi Hava qüvvələrini (HHQ) mümkün qədər tez modernləşdirməyə çalışan İran Çin təyyarələrini Rusiyanın Su-35-lərinə sərfəli və ucuz alternativ kimi qiymətləndirir.

“İran təxminən iyirmi ildir ki, J-10C ilə maraqlanır. 2015-ci ildə 150 qırıcının tədarükü üçün hazırlıqlar başladı, lakin sövdələşmə dayandı: Pekin ödənişin xarici valyutada aparılmasında israrlı oldu, valyuta çatışmazlığı yaşayan Tehran isə neft və qazla barter ödənişləri təklif etdi”, -məlumatda deyilir.

BMT-nin İslam Respublikasına qarşı silah embarqosu da razılaşmaya mane oldu. 2020-ci ildə bu məhdudiyyətlər aradan qaldırıldı və danışıqlar yenidən başladı. Müqavilənin miqyası 36 təyyarəyə qədər endirildi, lakin tərəflər yenə ödənişlə bağlı razılığa gələ bilmədilər.

İndi vəziyyət dəyişib: ABŞ iyunun 24-də Çinə sanksiyalar təhlükəsi olmadan rəsmi olaraq İrandan neft almağa icazə verdi ki, bu da müqavilə bağlamaq şansını artırdı.

Nəşrin yazdığına görə, İranın Müdafiə naziri, briqada generalı Əziz Nəsirzadənin iyunun 25-də Tsindaoda keçirilən ŞƏT sammitinə səfərini bu prizmadan dəyərləndirmək olar.

“Military Balance” illik bülleteninin məlumatına görə, İsraillə müharibədən əvvəl, 2025-ci ilə qədər İranın HHQ-də 150-yə yaxın qırıcı təyyarə olub. Bunlar əsasən İslam İnqilabından əvvəl ölkəyə miras qalmış Amerika istehsalı olan köhnəlmiş modellər idi.

İranda həmçinin 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində təhvil verilmiş 18 MiQ-29A/UB var. Lakin onların əksəriyyəti ehtiyat hissələrinin çatışmazlığı və çətin texniki xidmət ucbatından döyüş qabiliyyətini itirib.

2023-cü ildə bağlanmış müqavilə əsasında İranın aldığı sonuncu xarici qırıcılar dörd rus Su-35 təyyarəsi olub. Ümumilikdə Tehran hər birinin qiyməti 100 milyon dollardan çox olan 50 təyyarə sifariş edib, lakin Ukraynadakı müharibə səbəbindən hələlik onların çatdırılmasına ümidi yoxdur.

Çoxməqsədli təkmühərrikli “J-10C” qırıcısı Çinin Qərbin “F-16V” və “Gripen E” təyyarələrinə daha münasib alternativ kimi qiymətləndirilir. Bir ədədinin qiyməti 60 milyon dollardan (əsas paket) 90 milyon dollara (ehtiyat hissələri, zəmanət, silahlar və pilot təlimi daxil olmaqla) qədər dəyişir.


SON XƏBƏRLƏR