“Böyük Qayıdış” çərçivəsində daha bir azad olunmuş rayona köç başladı.
Bakıvaxtı.az xəbər verir ki, bu dəfə cəbrayıllılar öz dədə-baba yurduna döndülər. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb.
Cəbrayıldan olan jurnalistlər ilk köç xəbəri ilə bağlı təəssüratlarını Bakıvaxtı.az ilə bölüşüb:

Əfqan Qafarlı
Cəbrayıldan olan jurnalist, “Modern.az” saytının redaktoru Əfqan Qafarlı bildirib ki, bir cəbrayıllı kimi doğma torpaqlara - ata-baba yurduna, böyüdüyü Böyük Mərcanlı kəndinə qayıdıb yaşamaq, yurd yerinin çırağını yandırmaq digər həmyerliləri kimi, onun da ən böyük arzularından biridir. Həmkarımız ömrünün ahıl çağlarını Cəbrayılda başa vurmaq istədiyini deyib:
“31 illik ayrılıqdan sonra Cəbrayıla ilk köçün başladığı barədə xəbəri oxumaq, duymaq bir cəbrayıllı kimi məndə o qədər xoş hisslər doğurub ki... Şükür edirəm bu günə ki, Tanrı yenidən doğma torpaqlarımıza qayıdışı görməyi bizə nəsib etdi. Doğma torpaqlarımıza qayıdış xalqımızın şərəfli tarixidir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ordumuz var olsun, Ali Baş Komandanımız sağ olsun!”
Cəbrayıl işğaldan azad olunandan sonra oraya ilk dəfə 2021-ci ilin aprelində getdiyini deyən Ə.Qafarlı qayıdandan sonra “Kəbə ziyarətinə bərabər səfər” adlı yazı yazdığını söyləyib və nəzərə çatdırıb ki, 28 illik ayrılıqdan sonra şəhidlərin qanı bahasına azad olunmuş doğma torpağına getmək onun üçün müqəddəs yolçuluq olub.
Müsahibimiz qeyd edib ki, Cəbrayıl rayonu başdan-başa viran edilib, heç bir yerdə salamat tikili qalmayıb. Hətta ağacları belə kökündən dartıb çıxarıblar. Orada törədilmiş erməni vəhşiliyinin miqyasını ifadə etmək çətindir. Qəbiristanlıqların belə yerlə-yeksan edilməsi ermənilərin necə vandal millət olduğunu əks etdirir.
Jurnalistin sözlərinə görə, hər şeyin yox edildiyi torpaqlarda indi quruculuq işləri aparılır və bir vaxtlar öz gözəlliyi ilə seçilən Cəbrayılın siması yenidən özünə qaytarılır:
“Bu gün gün təkcə həyatda olan cəbrayıllılar sevinmir, həm də doğma yurd həsrətilə dünyadan köçən həmyerlilərimin ruhu sevinir”.

Seymur Verdizadə
“Yeni Sabah” saytının baş redaktoru Seymur Verdizadə isə Bakıvaxtı.az-a bildirib ki, hər bir cəbrayıllı doğma yurda dönmək arzusu ilə yaşayır. Amma bu proses mərhələli şəkildə həyata keçirilir ki, yeni evlər tikmək, bölgədə zəruri infrastruktur yaratmaq zaman və vəsait tələb edir:
“Nəzərə almaq lazımdır ki, təkcə Cəbrayılda deyil, işğaldan azad olmuş digər rayonlarda da quruculuq-abadlıq işləri aparılır. Buna görə də, əhalinin Qarabağa kütləvi köçünü təmin etmək mümkün olmur. Biz keçmiş məcburi köçkünlər bunu bilir və anlayışla qarşılayırıq”.
Cəbrayıla qayıtmaqla bağlı mövqeyini rayonu işğaldan azad olunduğu gün açıqladığını deyən S.Verdizadə söyləyib ki, bütün cəbrayıllılar kimi o da doğma kəndinə qayıdıb ata yurdunun çırağını yandırmaq istəyir.
Həmkarımız Cəbrayılın yenidən qurulmasında, abadlaşdırılmasında və idarə olunmasında yer almaq istəyir və bununla bağlı dəfələrlə müvafiq dövlət qurumlarına müraciət etdiyini qeyd edib:
"Mənim ulu babalarımın məzarı Cəbrayıldadır. Canımla, qanımla, bütün varlığımla o torpağa bağlıyam. Niyə Cəbrayılın yenidən dirçəldilməsində mən iştirak etməməliyəm? Hesab edirəm ki, əlaqədar qurumların rəhbərləri əslən Qarabağdan olan tanınmış insanların, ziyalıların bu qəbildən olan müraciətlərinə daha həssas yanaşmalıdırlar".

Anar Cəbrayıllı
Anar Cəbrayıllı da Cəbrayıla ilk köçün başlamasının qürurverici hal olduğunu bildirib və öz yurduna dönəcəyini söyləyib:
“Bütün cəbrayıllıları köç münasibətilə ürəkdən təbrik edirəm”.

Natiq Cavadlı
Jurnalist Natiq Cavadlı da Bakıvaxtı.az ilə söhbətində Cəbrayıla ilk köçün sevindirici xəbər olduğunu deyib və bütün cəbrayıllıların bu sevinci yaşamasını istədiyini qeyd edib.
“Mən də qayıtmaq istərdim, amma məsələ ondadır ki, biz kənddə yaşamışıq, rayonda yox. Bu mənada hətta şəhərdəki evimizi satıb ordakı dağıdılmış evimizi özüm bərpa etmək istərdim, dövlətin üstünə yük düşməməsi naminə. Bilmirəm, buna icazə verərlərmi. Bütün hallarda hökumət bu cür təşəbbüslərə dəstəyini əsirgəməməlidir”.
Mina Mikayılova
















