"Son bir ayda ölkəmizdə yoluxma sayı 12 dəfəyə yaxın azalaraq 7050-dən 588-dək düşüb. Vurulan ümumi vaksinlərin sayı isə 13 milyon 111 mindən çoxdur. Ölkəmizdə peyvəndləşmə səviyyəsi kifayət qədər yüksək hesab olunur".
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputat ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirlərini və yoluxma statistikasını nəzərə alaraq karantin rejimininin tam yumşaldılması barədə qərarın qəbul elməsinin mümkün olduğunu bildirib: "Bütün bunları nəzərə aldıqda, mərhələli şəkildə quru sərhədlərin açılması məsələsinə baxılması, rayonlar ilə dəmiryolu əlaqəsinin bərpa edilməsi və ölkəyə gəliş-gediş zamanı peyvənd passportu olduğu halda PCR analiz tələbinin aradan qaldırılması məqsədəuyğun olardi".
Deputat bildirib ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur: "Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, PCR test tələbinin götürülməsi ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər".
Ramid İbrahimov















