Son günlər sosial şəbəkələrdə keyfiyyətsiz şprislərin satışı ilə bağlı məlumatlar paylaşılır. Yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq yaradıb və geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hələ üç il öncə AİB şpris bazarındakı vəziyyəti təhlil edib və məlum olub ki, ölkəmizə Türkiyə, Rusiya və xüsusən də, Çindən külli miqdarda standartlara uyğun olmayan şprislər daxil olur:
“Azərbaycanda şprislərin standartı mövcuddur. Ölkəmizdə mövcud olan standarta görə, şprisin porşeni iki hissədən ibarət olmalı deyil. Bizim tədqiq etdiyimiz şprislərin porşeninin sonluğunda qara rezin var. Bu cür şprislərdə həmin qara rezin dəyişdirilə, çıxarıla və yenidən istifadə oluna bilər. Azərbaycan standartında porşenin sonunda qara rezin nəzərdə tutulmur. Bu şprislərin yanında qoyulan iynələr də standarta uyğun deyil".

"Standarta uyğun olan şprislər birdəfəlik olur. Biz bu işi üç il öncə tədqiq edəndə dövlət orqanları bizə çox böyük dəstək verdi. Hətta gömrükdən külli miqdarda şpris geri qaytarıldı. Lakin çox təəssüf edirəm ki, bu gün yenə əmtəə bazarında, apteklərdə qara porşenli keyfiyyətsiz şprislər mövcuddur. Əhali birdəfəlik istifadə olunan, standartlara uyğun şprislərə üstünlük versin” - deyə, E.Hüseynov bildirib.
Nuranə Daxilqızı
















