"Evdə iki ağıllı, kamil insanın yaratdığı demokratik ab-hava olmalıdır. Ən əsası valideynlər övladın yanında bir-birini təkzib etməməlidir. Tərəddüd və iradlar varsa, kənara çəkilib deyilməlidir ki, sən bu sözü düz demədin. Münasibətlərdə bərabərhüquqlu olmağın tərəfdarıyam. Kişi yumruğunu vurub özünü tez-tez xatırlatmalı deyil. Bu qədər biçarə, zəifdirmi? Onun qayğısına qalmırlar evdə? Kişi sevilirsə, yumruğa ehtiyac varmı və yaxud tam əksinə... Münasibətdə sevgi, hörmət, qayğı önəmlidir. Hər şeyi paylaşmaq olar".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif "Düzünə qalsa" proqramında deyib. İfaçı ailə həyatından, uşaqlığından bəhs edib:
"Kasıb, ziyalı, müəllim ailəsində doğulmuşam. Təsəvvür edin, maaşa baxan ziyalı valideynlər 3 uşaq oxudur. Pulu, pula calamaq, yarı ac, yarı tox olmaq, nəyisə tapıb geyinmək və geyinməmək var. Yırtıq ayaqqabı, soyuq havalarda kifayət qədər sərin geyinmək nə olduğunu, Bakıdakı xalaoğlanların şalvar, gödəkçəsini geyinmək nə olduğunu bilirəm. Bu şeylər mənim həyatımda olub. Məni sınmamağa, əyilməməyə, arzularımın arxasınca getməyə vadar edən cəhət xəyalpərəst olmağım idi.
Şöhrət insanı həyat yolundan yayındıran sınaqdır. İnsan unutmalı deyil ki, sən hamı kimisən əslində. Bir söz var, deyirlər, kişilər ağlamaz. Kişilər elə ağlayır, elə ağlayır ki... Amma bunun kameralara aidiyyatı yoxdur. Sonuncu dəfə atam rəhmətə gedəndə ağlamışam. Mənə elə gəlir ki, kifayət qədər tutarlı səbəb olmalıdır ki, dəmir xarakterli insanlar ağlasın. İnsanı bundan şiddətli nəsə qıra bilməz".
















