"Kondisionerdən düzgün istifadə olunmaması və filtrlərinin vaxtında təmizlənməməsi müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər".
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin canlı yayımında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, kondisioner düzgün istifadə edildikdə isti havalarda orqanizmi qorumağa kömək edir. Lakin cihazın texniki baxımına laqeyd yanaşılması əks nəticələr yarada bilər.
Mütəxəssis qeyd edib ki, uzun müddət kondisionerli otaqda qalmaq havanın qurumasına səbəb olur. Bu isə burun, ağız və gözün selikli qişalarının qurumasına gətirib çıxarır və müxtəlif xəstəliklərin yaranma riskini artırır.
Dediyinə görə, filtrləri vaxtında təmizlənməyən kondisionerlərdə göbələklər, mikroorqanizmlər, toz və allergenlər toplanır.
“Bu hissəciklər otaq havasına yayıldıqda allergik xəstəliklərin artmasına, bəzi hallarda isə infeksiyaların yaranmasına səbəb ola bilər. Belə hallarda insanlar xəstəliyin səbəbini birbaşa kondisionerlə əlaqələndirirlər”, - deyə o vurğulayıb.
Mütəxəssis əlavə edib ki, açıq havadakı yüksək temperaturla kondisionerli otaqdakı aşağı temperatur arasında kəskin fərq də orqanizm üçün əlavə yük yaradır.
“Orqanizm bu temperatur fərqinə uyğunlaşmaq üçün ciddi enerji sərf edir. Nəticədə immun sistemi zəifləyə və insan müxtəlif xəstəliklərə daha həssas ola bilər”, - deyə Zakir Quliyev bildirib.
Zeynəb Rzayeva
Bakı 



