• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Ermənistan bu qərarından peşman olacaq: Qərbdə Paşinyanın qulağına pıçıldadılar ki…

SİYASƏT

23 Fevral 2024 | 15:37

Ermənistan bu qərarından peşman olacaq: Qərbdə Paşinyanın qulağına pıçıldadılar ki…

“Rusiyanın rəhbərlik etdiyi blokun Qarabağın işğalını davam etdirmək öhdəliyi yoxdur. Ona görə də Paşinyanın ölkəsinin Azərbaycana qarşı hərbi məğlubiyyətindən sonra KTMT-də iştirakını faktiki olaraq donduracağı proqnozlaşdırılırdı. Çünki 2020-ci ildən bəri o, Fransa və ABŞ tərəfindən idarə olunur”.

Bu sözləri Bakıvaxtı.az-la söhbətində Moskvada yaşayan amerikalı politoloq Endryu Koribko deyib.

Siyasi analitik Ermənistanın Baş naziri Nikol Paşinyanın “France24” telekanalına verdiyi müsahibəsində Ermənistanın KTMT-dəki iştirakını dondurması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Xatırladaq ki, erməni nazirin sözügedən açıqlaması Moskva və İrəvan arasında olan gərginliyi bir qədər də artırıb.

Politoloq vurğulayıb ki, Qərbin məqsədi Ermənistanı özlərinin Cənubi Qafqazda nüfuz qalasına çevirməkdir:

“Həmçinin qərbli rəsmilər Baş nazirdən bölgədə Rusiyanın təsirini aradan qaldırmağı tələb edirlər. Ona görə də Paşinyanın qulağına pıçıldadılar ki, Ermənistanın Azərbaycana qarşı hərbi məğlubiyyətinə görə KTMT məsuliyyət daşıyır. Bu blokda iştirakın faktiki olaraq dondurulması qərarı Moskva ilə əlaqələri pisləşdirəcək, lakin Kreml əvvəlcədən razılaşdırılmalı olan şərtləri pozaraq oradakı qoşunları çıxarası deyil”.

Beynəlxalq analitik iddia edib ki, Paşinyan Qərblə gizli şəkildə “təhlükəsizlik zəmanətləri” ilə bağlı danışıqlar apara bilər:

“Onlar, həmçinin Ermənistana gələcəkdə qonşuları tərəfindən hücuma məruz qalacağı təqdirdə ona silah, vəsait və kəşfiyyatla dəstək verəcəklərini vəd edə bilərlər, lakin Rusiyadan fərqli olaraq, ölkədə hərbçi olmadıqda onu fiziki müdafiə edə bilməzlər”.

Müsahibimizin sözlərinə görə, Ermənistan KTMT-dəki iştirakını praktiki olaraq dondurmaq qərarına gəlsə də, blokdan rəsmən çıxmamasının səbəbi də buradadır, çünki o, Azərbaycan və Türkiyəni çəkindirmək üçün Qərblə yuxarıda qeyd olunan spekulyativ sazişləri bağlayana qədər Rusiya qoşunlarının öz ərazisində qalmasını istəyir:

“Amma bunlara nail olunduqdan sonra Ermənistan daimi əsasda xarici qoşunları yerləşdirməklə KTMT-nin şərtlərini asanlıqla poza və bununla da Rusiya qoşunlarını kütləvi dislokasiyaya məcbur edə bilər”.

Endryu Koribko: NATO Ermənistanı Rusiya hesabına KTMT-dən imtinaya və Qərbə üz tutmağa razı saldı

E.Koribkoya görə, Ermənistan KTMT-dən NATO-ya keçid zamanı heç bir formal müştərək müdafiə tərəfdaşı olmadan qalmaq istəmir:

“Çünki bu geostrateji keçid başa çatmamış Azərbaycan və ya Türkiyənin ona hücum edə biləcəyindən ehtiyatlanır. Doğrudur, heç bir ölkə belə bir niyyəti olduğunu ifadə etməyib, lakin Ermənistan bu ehtimalla bağlı paranoyak olaraq qalır. Bundan əlavə, əgər rəsmi İrəvan NATO çətiri altına girdikdən sonra yenə də sabitliyi pozmaq planları qurarsa, buna peşman olacaqlar”.

Onun sözlərinə görə, baş verənlər çoxdan bəlli idi və bir sıra müşahidəçilər “divardakı yazıları” çoxdan oxumuşdular:

“NATO Ermənistanı Rusiya hesabına KTMT-dən imtina etməyə və Qərbə üz tutmağa razı saldı. Lakin təkrar edirəm ki, İrəvan Bakı və yaxud Ankaranı təxribata çəkərsə, onun yeni Qərb müttəfiqləri növbəti münaqişə vəziyyətində Ermənistanı müdafiə etməyəcəklər. Yəni Ermənistan bu qərarından sonra peşman ola bilər. Fikrimcə, hadisələrin yekunu hələlik məlum deyil, lakin bu “inkişaf” mütləq şəkildə daha çox regional qeyri-müəyyənliyə səbəb olacaq”.

Rafi Müslümov


SON XƏBƏRLƏR

26 Iyul 2024