Xəbər verdiyimiz kimi, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.
Bakıvaxtı.az erməni “Telegram” kanallarına istinadla xəbər verir ki, hərbi qulluqçumuz Gorus şəhərinə aparılıb.
“MAXE-lərimiz səhər saat 06:30 radələrində bir azərbaycanlı əsgəri Tex kəndi yaxınlığında yaxaladı. Biz həmin azərbaycanlını Gorusa apardıq”, - deyə Dığ (Tex) kənd soveti üzvü Arqam Hovsepyan bildirib.
Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti azərbaycanlı əsgərin saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.
“Hadisə ilə bağlı Ermənistan İstintaq Komitəsi tərəfindən Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb”, - deyə qurumun açıqlamasında qeyd olunub.
Rafi Müslümov
















