İtaliyanın paytaxtı Romada Ukraynanın Bərpası Konfransı keçirilir. Konfrans Ukraynanın bərpası və yenidən qurulmasına həsr olunub.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, konfransda hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, maliyyə institutları, biznes və digər agentliklər iştirak edir.
Tədbirdə iştirak edəcək Aİ liderləri arasında İtaliyanın baş naziri Corciya Meloni, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Almaniya kansleri Fridrix Merz və Polşanın baş naziri Donald Tusk da var.
Bildirilib ki, Zelenski konfrans çərçivəsində ABŞ rəsmiləri ilə görüşlər keçirəcək.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “Telegram” da yazıb ki, əsas diqqət sanksiya siyasətinə və yaxın gələcəkdə ABŞ-nin növbəti sanksiyalar paketinin qəbuluna yönələcək.
Qeyd edək ki, İtaliya və Ukrayna hökumətləri konfransda iştirakla bağlı 100-dək ölkəyə, onlarla beynəlxalq və maliyyə təşkilatına, 2500 şirkətə, yerli hakimiyyət orqanlarına, iki ölkənin və beynəlxalq vətəndaş cəmiyyəti birliklərinə dəvət göndərib.
Dünya Bankının son qiymətləndirməsinə görə, yenidənqurma işlərinə 500 milyard avro sərf olunmalıdır.
Xatırladaq ki, öncəki konfranslar Berlin, London və Luqano şəhərlərində keçirilib.