Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Vladimir Zelenskidən heç bir üzr istəməyib, çünki üzr istəməyə heç bir səbəb yoxdur.
Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont Lukaşenkonun Rusiya-Ukrayna münaqişəsinin ilk günlərində Zelenskidən üzr istəməsi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.
Eysmont qeyd edib ki, Lukaşenko və Zelenski münaqişənin ilk günlərində telefonla danışıblar və təşəbbüs Belarus prezidentinin kiçik oğlunun sayəsində baş tutub:
“Birincisi, münaqişənin ilk günlərində Belarus və Ukrayna prezidentləri arasında söhbət yalnız Belarus prezidentinin kiçik oğlu Nikolayın Zelenski ilə olan şəxsi münasibətləri nəticəsində reallaşıb.
Bizim prezident, ilk növbədə, münaqişənin Ukrayna ərazisində, Zelenskinin ərazisində alovlandığını və zaman keçdikcə insanların ölümünə görə hamıdan çox cavab verməli olacağını söylədi. Ona görə də prezidentimiz danışıqlar masası arxasına əyləşməyə çağırdı, bu da oldu: Belarusda, daha sonra İstanbulda danışıqlar keçirildi”.