Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" komandasına faydalı olmaq istəyir.
Bakıvaxtı.az xəbər verir ki, 29 yaşlı hücumçu bu barədə "Report"a açıqlama verib.
Forvard yeni klubundakı hədəflərindən söz açıb:
"Komandaya faydalı olmaq niyyətindəyəm. Kollektiv şəklində uğur qazanmaq arzusundayıq. Ümid edirəm ki, mənim üçün ən yaddaqalan mövsümlərdən biri olacaq. Hamımız klubun uğurları üçün çalışırıq. Oynamaq istəyim hər şeyin önünə keçdi. Klubu dəyişməyimdə də məqsəd məhz bu idi. "Rakuv"da bu imkanı tapacağımı hiss etdim. Ümid edirəm ki, onlar mənə, mən də onlara faydalı olacağam".
M.Emreli danışıqların bir aydan çox davam etdiyini söyləyib:
"Agentim bir aydan çox "Rakuv"la danışıq apardı. Mənə ilk təklif göndərən klublardan biri məhz bu idi. Bir ay ərzində mənimlə və "Kayzerslautern" klubu ilə danışıqlar oldu. Çünki klubla hələ 2 illik müqaviləm var. Çempionatın başlamasına bir neçə həftə qalmış transferi yekunlaşdıra bildik".
Daha əvvəl Polşada "Legiya"nın formasını geyinmiş oyunçu çempionata bələd olduğunu vurğulayıb:
"Bu komandanı tanıyıram. Son illərdə etdikləri göz önündədir. Mən Polşada oynadığım zamanda da xatırlayıram. Özlərinə xas futbol oynayırdılar. Tipik Polşa futbolu sərgiləmirlər, cəsarətli futbol oynamağı xoşlayırlar. Bu amillər keçidimdə rol oynadı. Polşa liqasına bələd olsam da, çempionat yüksəlişə keçib. Ötən mövsüm son turlaradək müxtəlif komandaların çempionluq və avrokubok şansları davam edirdi. Bu da liqanın nə qədər inkişaf etdiyini göstərir".
İcarə əsasında "Rakuv"a keçən oyunçu birdəfəlik transfer imkanına da toxunub:
"Birdəfəlik transfer üçün bəzi şərtlər var. Bunlar mövsümün sonunadək baş versə, transfer də gerçəkləşəcək. Hazırda növbəti oyunlara köklənmək niyyətindəyəm. Mövsümün sonunda klublar öz aralarında danışacaqlar".
Xatırladaq ki, "Rakuv" Mahir Emrelini 1 illik icarəyə götürüb. Azərbaycan millisinin üzvü müqavilə ilə Almaniyanın "Kayzerslautern" klubuna məxsusdur.
Bakı 



