Son günlər məktəblilər arasında yaşanan münaqişələr gündəmdən düşmür. Çox vaxt belə mübahisələrdə tərəflərdən hansısa biri bıçağa əl atır və bu bıçaq bir şagirdi həbsə, digərini isə qəbrə aparır.
Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, son iki il ərzində Azərbaycan sistemində çox ciddi neqativ halların sayı kəskin şəkildə artıb. Onun sözlərinə görə, xüsusən məktəb-şagird münasibətləri, şagirdlərin bir-biri ilə davranışları çox biabırçı səviyyəyə düşüb:
“Son iki il ərzində məktəb daxilində çox ciddi pozuntular görürük. Hətta rəqəmlər göstərir ki, son iki il ərzində ölkə təhsilində şagirdlər arasında baş verən bıçaqlanma, zorakılıq halları son 15 il ərzində baş verən hadisələrdən daha çoxdur. Bu, onu göstərir ki, Elm və Təhsil Nazirliyi məktəblərdə düzgün tədris sistemi qura bilməyib. Digər tərəfdən, müəllim-şagird münasibətləri pozulub. Çünki Elm və Təhsil Nazirliyi mütəmadi olaraq müəllimlərin nüfuzunu aşağı salan ifadələr işlədir, onların cəmiyyət qarşısında aşağılanmasına şərait yaradır. Bu da məktəbə inam və etibarı öldürür”.
Ekspert qeyd edib ki, bu gün Elm və Təhsil Nazirliyi tərəfindən təhsil mühiti çox aşağı salınıb:
“Bu da özülüyündə ciddi fəsadlara gətirib çıxaracaq. Bu məsələlərin aradan qaldırılması üçün təhsil sistemini ciddi şəkildə nəzarətə almaq lazımdır. Şagirdlər girişdə yoxlanmalı, psixoloji pasportları hazırlanmalıdır ki, konfiliktə meyilli, problemli şagirdlər nəzarətə götürülsün. Onların ciddi pozuntuya meyilliliyinin qarşısını almaq üçün profilaktik işlər görülməlidir”.
Müsahibimiz hesab edir ki, azyaşlı şagirdlərə spirt və tütün məhsulları qadağa olduğu kimi kəsici və deşici alətlərin satılması da qadağan edilməlidir:
“Təəssüf ki, biz Elm və Təhsil Nazirliyinin bu istiqamətdə fəaliyyətini görə bilmirik”.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə Bakıvaxtı.az-a bildirib ki, silah - insanların və ölkələrin birbaşqa insana və ya ölkələyə qarşı müdafiə və müqavimət üçün istifadə etdiyi alətdi: “Silahlar soyuq və odlu olmaqla iki yerə bölünür. Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, soyuq silahı əldə etmə, satma və ya gəzdirməyə görə - üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Vəkil vurğulayıb ki, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna təşkil edir:
“Soyuq silah dedikdə- konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçü nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Soyuq silaha soyuq tiyəli silah ( silah hesab olunan xəncərlər, döyüş, milli ov bıçaqları, süngülər, qılınclar, beybutlar və sair kəsici, deşici və ya qarışıq təyinatlı silahlar ( nizə, döyüş baltası və s.), eləcə də zərbə-dağıdıcı təsirli ( beşbarmaqlar, nunçaklar, gürzlər və s.) aid edilir. Soyuq silah sənaye üsulu ilə hazırlanmış və ya əldə qayırma ola bilər.
Bəzi hallarda isə alətin soyuq silah olub olmamasını müəyyən etmək üçün ekspertizanın keçirilməsi vacibdir”.
T.Abdullazadə deyib ki, soyuq silah qismində bıçaq, şüşə qırıntısı, kəsici-deşici alətlər, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və s. istifadə oluna bilər: “Qanunvericiliyin mənasından görünür ki, soyuq silahı gəzdirmə cinayət məsuliyyətinə səbəb olur. Bu cinayətin törədilməsinə, yəni soyuq silahın gəzdirilməsinə görə cinayət məsuliyyəti 16 yaşdan yaranır”.
Qeyd edək ki, mövzuyla bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərilib.
Aytac Aslan
















