Mingəçevirdə mövsüm boyu insanların ən çox dolaşıb istirahət etdiyi “Sahil parkı” ərazisi çöküb.
Bakıvaxtı.az xəbər verir ki, bu proses gəzinti zolağının Kür çayına bitişik hissəsində baş verib.
Qeyd etmək lazımdır ki, çayın suyu həm də qeyd olunan sahil gəzinti zolağının altından keçir. Ərazidə qeydə alınan çökmə bir neçə metr məsafəni əhatə edir. Deşik açılan hissənin önündəki sahədə də çökmə qeydə alındığından, o hissənin də dəliyə çevrilməsi an məsələsi ola bilər .
Çökmə hadisəsi zamanı xəsarət alan olmayıb. Mütəxəssislər hesab edir ki, çökən hissənin alt nayihəsi vaxtilə düzgün möhkəmlındirilməyib. Onların fikrincə, normal gəzinti zolağı hazırlamaq üçün altından Kür çayının suları keçən gəzinti zolağı dəmir beton materiallarla etibarlı şəkildə möhkəmləndirilməli və yalnız bundan sonra üstünə bəzək və keçid təyinatlı döşəmə materialları vurulmalıdır. Əks halda bənzər çökmələr vaxtaşırı oxşar narahatlığa yol aça bilər və hətta piyadaların normal hərəkəti üçün təhlükə yarada bilər.
Problemlə bağlı Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları dərhal əraziyə cəlb olunub. Texniki araşdırmaların ardınca çökmüş ərazidə operativ bərpa işləri həyata keçirilib. İdarədən Bakıvaxtı.az-a verilən məlumata görə, ərazidə yaranmış təhlükə aradan qaldırılıb və bərpa olunub. O da vurğulanıb ki, Mingəçevir su anbarından Kür çayına gündəlik daxil olan suyun həcminə uyğun olaraq zolağın altında suyun həcmi də dəyişir. Artan anlarda dayanıqlığı özülə təsir gücünə malik olur. Proses zaman-zaman baş verdiyi üçün təməl mövqelər deqradasiyaya məruz qalır. İdarə əməkdaşları ərazidə baş verən dəyişiklikləri bundan sonra da diqqətdə saxlayacaq.
Murad İsmayıl
Bakı 






