İsti yay günlərində bədənin su ehtiyacını qarşılayan qarpızın 92%-i sudan ibarətdir. Qarpız antioksidantlar, A, C, B1, B5, B6 vitaminləri, kalium (K) və maqnezium (Mg) kimi elementlərlə zəngindir. Qarpızın tərkibində olan likopen xərçəng əleyhinə güclü təsirə malikdir. Bundan əlavə qarpız ürək-damar xəstəlikləri, iltihab əleyhinə, həzm sistemi, dəri və böyrək xəstəlikləri zamanı da effektiv təsir göstərir.
Amma çoxumuz mövsümü gəlməmiş özü gələn qarpız və yemişin sağlamlığımıza hansı fəsadlar verə biləciyinin fərqində olmuruq.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakıvaxtı.az-a bildirib ki, il boyu qarpızların tərkibində nitritlərin miqdarı normadan çox olur. Bunu cihazlarla daim yoxlayırlar. "Ümumiyyətlə qarpız elə bir bitkidir ki, hətta ona gübrə verilməsə belə, nitritləri özünə çəkir. Gübrə verilməmiş qarpızlar Azərbaycanda 5 kilodan artıq olmur”.
Bəs gübrə verilmiş qarpızlarla gübrə verilməmiş qarpızları necə ayırd edə bilərik? AİB sədri bunun üçün aşağıdakılara fikir verməyimizi məsləhət görür:
1. Gübrə verilməmiş qarpızları kəsəndə çəhrayı rəngdə olur.
2. Gübrəsiz qarpızlar al-qırmızı rəngdə olur.
3. Gübrəli qarpızların qabığı 1 sm qalın olur.
4. Gübrəli qarpızlar daha şirin olur, gübrəsizlər isə nisbətən az şirin olur.
5. Gübrəli qarpızların içərisində qalın zoğlar olur, gübrəsiz qarpızlarda isə nazik çəhrayı zoğlar ola bilir.
6. Gübrəsiz qarpıza bıçaq dəyən kimi partlayır. Bu, yaxşı haldır. Bu kimi səbəblərə görə, insanlar böyük qarpızlara üstünlük verməsinlər.
Müsahibimizə görə, qarpızı çox yemək zəhərlənmə həddinə gətirib çıxara bilər.
E.Hüseynov yemişlərində tərkibində nitritlərin çox olduğunu deyib. “Yemişi də çox yemək olmaz. Yemişin gübrəli və ya gübrəsiz olduğunu gözlə ayırd etmək o qədər də asan olmur. Yemişi kəsəndə bəzən dərman dadı gəlir. Bu, artıq onun ziyanvericilərə qarşı dərmanlanmasının göstəricisidir”.
“Təəssüflər olsun ki, qarpız və yemişlərin tərkibində mövsüm dövründə də nitritlərin miqdarı artıq olur. Nitrit miqdarı 1 kq-da 60 mq-dən artıq olmamalıdır. Adətən biz 250-200 mq ilə də rastlaşırıq. Bu səbəbdən bostan bitkiləri yeyərkən diqqətli olmaq və az miqdarda yemək məsləhət görülür", - deyə Eyyub Hüseynov əlavə edib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentlyindən (AQTA) bildirilib ki, əvvəllər qarpız iyul-avqust aylarında yetişirdi. Lakin hazırda əkinçilik vərdişləri dəyişdiyinə, tez yetişən sortlar yaradıldığına, istixanalarda və əkin sahələrində daha müasir aqrotexniki üsullar tətbiq olunduğuna görə məhsul iyun ayında da yetişir. Məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta zəhərlənmələrə belə səbəb ola bilər.
Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Bu hal istər tez, istərsə də gec yetişən məhsullarda ola bilər. Buna görə də zəhərlənmə hallarının qarşısının alınması üçün qarpızın düzgün şəkildə yetişdirilməsinə diqqət yetirmək lazımdır.
Kəsiləndən sonra qarpızın qaydalara uyğun saxlanmasına riayət edilməlidir. Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə saxlanmasına əməl edilməlidir. BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı”nın (FAO) məlumatına əsasən, bütöv qarpızın 10-15° C, xırda hissələrə doğranmış qarpızın isə ağzı kip qapaqlı qablarda +5° C temperaturda saxlanması məsləhət görülür. Eyni zamanda kəsilmiş qarpızın üzəri qida üçün nəzərdə tutulan plastik örtüklə kip örtülərək, soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanmalıdır. Kəsilmiş qarpız növbəti günə qaldıqda isə mütləq şəkildə həmin hissənin üst səthi nazik qat şəklində kəsilib kənarlaşdırılmalıdır. Həmçinin qarpızın alma, pomidor, banan kimi etilen qazı ifraz edən meyvələrin yanında saxlanması yolverilməzdir. Etilen qazının təsirinə məruz qalan qarpızın qabığı nazikləşir, yumşalır və nəticədə keyfiyyətini itirir.
Qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verilməlidir. Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə olan zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır. Üzərində müşahidə olunan sarı ləkələr isə onun torpaqla təmas etdiyi yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın yetişməsinin, rənginin mat və solğun olması isə köhnəliyinin əlaməti hesab olunur. Saplağının yaşıl rəngli olması qarpızın hələ tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı qurumuş, rəngi isə dəyişmiş olmalıdır. Ölçüsü nə kiçik, nə də böyük olmamalı, orta ölçüdə olan qarpız seçilməli və ələ aldıqda ağır gəlməlidir. Oval olan qarpızlar sulu, yumru olanlar isə şirin olur. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır. Günəş altında və yol kənarlarında satılan qarpızların alınması tövsiyə olunmur. Yerdən 20 sm hündürlükdə olan piştaxtaların üzərində satılan qarpızlara üstünlük verilməlidir. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir.
Xəyalə Rza