• Bakı 10° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Nazir müavini: Vəziyyəti ağır olan üç nəfərin hazırda Bakıya gətirilməsi məqsədəuyğun deyil

CƏMİYYƏT

26 Dekabr 2024 | 19:59

Nazir müavini: Vəziyyəti ağır olan üç nəfərin hazırda Bakıya gətirilməsi məqsədəuyğun deyil

Səhiyyə nazirinin müavini İlqar Qasımov vəziyyəti ağır olan üç nəfərin hazırda Aktaudan Bakıya gətirilməsinin məqsədəuyğun olmadığını deyib.

Bakıvaxtı.az-ın məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında qeyd edib ki, həmin şəxslər Aktau şəhərində xəstəxanada süni tənəffüs aparatına qoşulublar:

“Onların stabilləşməsi üçün müalicə davam edir. Vəziyyətləri sabitləşdikdən sonra onlar da Azərbaycana gətiriləcək,” – deyə nazir müavini əlavə edib.

İ.Qasımov qeyd edib ki, yaralılardan bəzilərində kəllə-beyin travmaları və yüksək hündürlükdən yıxılma nəticəsində ağır zədələr müşahidə olunub.

Onun sözlərinə görə, bütün yaralılar tam müayinə olunacaq, stabillik müəyyən edildikdən sonra ambulator müalicə nəzərdə tutulur.

İlqar Qasımov bildirib ki, müştərək travmaların müalicəsi üçün müxtəlif ixtisaslardan olan mütəxəssislərin birgə iştirakı zəruridir. Lazım olduqda, universitet klinikalarından da əlavə dəstək alınacaq.

Bildirib ki, qəzadan xəsarət alanların müalicəsi ilə bağlı bütün lazımi tədbirlər görülür: “Vətəndaşlarımızı mütəmadi olaraq məlumatlandıracağıq. Xahiş edirəm, bu çətin vaxtda səbirli olun,” – deyə İlqar Qasımov əlavə edib.

Qeyd edək ki, bu gün FHN-nin xüsusi təyyarəsi ilə Aktauda qəzada xəsarət alan 7 nəfər Bakıya gətirilib. Daha 7 nəfərin AZAL-ın reysi ilə gətiriləcəyi gözlənilir.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb./report


SON XƏBƏRLƏR

26 Dekabr 2024