“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 12 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Bakıvaxtı.az xəbər verir ki, vəziyyəti qənaətbəxş olan 7 nəfər adi reys, vəziyyəti orta ağır qiymətləndirilən 5 sərnişin isə ayrılmış həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilib.
*** 18:15
“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Aktauda olan Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya yola düşüb.
FHN-dən Bakıvatxı.az-a verilən məlumata görə, vətəndaşları Qazaxıstanın Manqistau vilayəti başçısının müavini Tileqen Abişev və Aktau şəhərinin meri Abilkair Baypakov yola salıblar.
Əlavə məlumat veriləcək.
***17:43
Aktauda qəzaya uğramış AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarənin sağ qalan sərnişinlərinin bir qismi Azərbaycana yola salınıb.
Bakıvaxtı.az bu barədə APA-ya istinadən xəbər verir.
Yaralılar həkim briqadasının müşayiəti altında Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə gətirilir.
***
16:25
“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən Azərbaycan vətəndaşı Mangistau regional xəstəxanasından çıxarılaraq ölkəyə yola salınıb.
Bakıvaxtı.az xəbər verir ki, onlar Azərbaycan Səhiyyə Nazirliyinin əməkdaşlarının müşayiəti ilə yola düşüblər.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.