İxtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsində istifadə olunan dərman preparatlarının molekulyar tərkibi dəyişməyib.
Bu barədə Bakıvaxtı.az-a Səhiyyə Nazirliyindən uşaqlara verilən bahalı dərmanların ucuz və keyfiyyətsiz tərkibdə dəyişdirilməsi iddiaları ilə bağlı sorğuya cavabında bildirilib.
Qeyd olunub ki, bu səbəbdən həmin dərmanların uşaqlara mənfi təsiri istisnadır:
"Səhiyyə Nazirliyinin mütəxəssisləri dəfələrlə valediyenlərlə bu barədə söhbətlər aparıb və onlara dərmanların tərkibinin dəyişməməsini təsdiq edən beynalxalq standartlara əsasən klinik protokollar barəsində məlumatlar veriblər. Zəruri dərman preparatları və ləvazimatları alınaraq, davamlı olaraq TƏBİB-in istifadəsinə verilir".
Məlumata görə, hazırda xəstələrin reyestri yaradılıb, TƏBİB-in tabeliyində olan Uşaq Dəri-Zöhrəvi Dispanseri və Respublika Dəri-Zöhrəvi Mərkəzində qeydiyyatda olan xəstələrin dispanserizasiyası keçirilib.
Bildirilib ki, dispanserizasiyadan keçən xəsətələrə reseptlər yazılıb və imtiyazlı qaydada TƏBİB-in tabeliyində olan 9 nömrəli şəhər poliklinikasının aptekindən təminatı həyata keçirilir:
"Proqrama əsasən Komissiya bu xəstəliklərin müalicəsi və profilaktikası işinin təşkili məqsədilə dərman preparatlarının tərkibi, illik miqdarı, habelə istifadəsi barədə hər ilin sonunda Səhiyyə Nazirliyinə hesabat təqdim edilir. Nazirliyə müvafiq tədbirlər proqramında nəzərdə tutulan işlərin həyata keçirilməsinin yalnız əlaqələndirilməsi və icra vəziyyəti barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılıb".
Xatırladaq ki, bir qrup valideyn bu gün Səhiyyə Nazirliyinin binasının qarşısında yuxarıda qeyd olunan xəstəlikdən əziyyət çəkən uşaqlara verilən bahalı və keyfiyyətli dərmanların dəyişdirilərək daha ucuzları ilə əvəz olunmasına görə etiraz edib.