Texnologiya günü-gündən inkişaf edir və son illərdə həyatımızı texnologiyasız təsəvvür etmək qeyri-mümkündür. Hər bir sahənin olduğu kimi, sosial medianın da müsbət və mənfi tərəfləri var.
Marketinq mütəxəssisi Müşviq İskəndərov Bakıvaxtı.az-a açıqlamasında sosial medianın müsbət və mənfi cəhətlərindən bəhs edib.
Onun sözlərinə görə, sosial medianın neqativ cəhətləri bu qədər yayğınkən, müsbət cəhətlərini də vurğulamaq lazımdır. Sosial medianın yaxşı tərəflərindən biri hər birimizin həyatında yeni nailiyyətlərə yol açmasıdır:
“Öncəliklə, sosial medianın varlığı ilə baş verən bütün hadisələrdən anındaca xəbər tuta bilirik. Sosial media vasitəsilə hədəf auditoriyaya daha asan çata bilirik. E-ticarətin yayılmasına və etibarlılığına da öz töhfəsini verib. Artıq dünyadakı alış-verişin asanlaşmasını belə özündə birləşdirir. Həmçinin sosial media vasitəsilə istənilən yerlə əlaqələnə bilirik, ünsiyyət daha əlçatan olub. Bir insan hər hansı bir videonu çəkib hansısa sosial mediada paylaşıb birdən-birə tanınmağa nail ola bilər. Bu səbəbdən sosial medianın bizə açdığı yollar çoxdur".
M.İskəndərov qeyd edib ki, sosial media üzərindən işləyib pul qazananlar da az deyil:
“Belə ki, insanlar öz kiçik bizneslərini sosial media vasitəsilə insanlara çatdırıb, paylaşımlar edib, alıcı cəlb edirərək pul qazanırlar”.
Müsahibimiz bildirib ki, sosial media bütün xüsusiyyətləri ilə yanaşı, bir çox gəncin məşğulluq və təhsillə bağlı ehtiyac duyduğu məlumatlara çıxış imkanı yaradır. Təhsil haqqını ödəyə bilməyən gənclər, sağlamlıq problemi olub imkanı müalicəyə əl verməyən insanlara sosial media bəzən bir ailə rolunu oynayaraq onlarının səsini insanlara çatdırıb kömək olmasına nail olur.
"İnsanlarla əlaqə qurmaq, vacib məsələlərdə maarifləndirmək, zaman-zaman axtardığınız emosional dəstəyi tapmaq, yaradıcılığınızı inkişaf etdirmək və özünüzü daha asan ifadə etməyə imkan vermək sosial medianın psixi sağlamlığımıza müsbət təsirlərin sadəcə bir neçəsidir. Sosial mediada karyera imkanları psixi sağlamlığımıza müsbət təsir edən başqa amillərdən biridir".
Müşviq İskəndərov: Sosial mediada gördüyümüz hər bir kontent psixologiyamıza da təsir edir
Mənfi tərərlərinə gəlincə, M.İskəndərov bildirib ki, sosial medianın, texnologiyanın günü-gündən inkşafı həyatımızdakı məxfiliklərə ciddi təsir göstərir. Sosial media platformaları istifadəçilərin şəxsi məlumatlarını saxlayaraq hədəf reklamlar yarada bilər və ya saxlanılan şəxsi məlumatlar zərərli insanların əlinə keçə bilər:
“Bu, məxfiliklə bağlı narahatlıqları artıra və istifadəçilərin şəxsi məlumatlarını paylaşmaqdan çəkinməsinə səbəb ola bilər. Sosial media hər cür xəbər və məlumatların sürətlə yayılmasına şərait yaradır. Bu, həm də o deməkdir ki, yalan və ya manipulyasiya edilmiş xəbərlər və məlumatlar asanlıqla yayıla bilər. Nəticədə cəmiyyətin etibarlı və dəqiq məlumat əldə etməsi çətinləşə bilər”.
Mütəxəssis deyib ki, sosial mediada gördüyümüz hər bir kontent psixologiyamıza da təsir edir. Sosial mediada gördüklərimizin əksəriyyətinin uydurma olduğunu anlasaq da, bu, özümüzü etibarsız və kifayət qədər yaxşı hiss etməməyimizə səbəb ola bilər.
“Xüsusən də, gənclər sosial medianın təsirinə tez düşürlər. Yaxşı mövzuların aşılandığı kimi, pis, aqressiv, həyati təhlükə daşıyan mövzuları da bəzən aşılaya bilir", - deyə Müşviq İskəndərov əlavə edib.
Nuriyyə Musayeva