Nigerdəki çevriliş ABŞ-Fransa ittifaqında münasibətləri pisləşdirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Gərginliyə səbəb Amerika tərəfinin diplomatiyanın xeyrinə Niger prezidenti Məhəmməd Bazumu devirmiş üsyançılarla əlaqə saxlamağa hazır olması, fransızların isə xuntaya məhəl qoymamağa çağırmasıdır.
Fransızlar amerikalıların xunta nümayəndəsi ilə görüşmək üçün elçi göndərməsindən hiddətlənib. Onlar hesab edir ki, bu, regionda onların təsirini gücləndirəcək və prezidentə qarşı qüvvələr balansını sarsıdacaq. Həmçinin ABŞ Nigerdə hakimiyyətin ələ keçirilməsini rəsmi olaraq çevriliş adlandırmayıb, onlar demokratiyanın danışıqlar yolu ilə bərpa oluna biləcəyinin üzərində dayanırlar.
Paris və Vaşinqton fərqli maraqlar güdürlər. Birləşmiş Ştatlar regiondan terrorla mübarizə əməliyyatları üçün baza kimi istifadə edərsə, o zaman Fransa üçün Qərbi Afrika Sahelində son strateji dayaqlardan biri olan Nigerin itirilməsi strateji məğlubiyyət olacaq.
Qeyd olunur ki, Fransa Nigerə qarşı sanksiyalar tətbiq edən və demokratiyanın başqa yolla Nigerə qaytarıla bilməyəcəyi təqdirdə güc tətbiq etmək niyyətini açıqlayan Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyinə (ECOWAS) dəstək verir. Birləşmiş Ştatlar isə yerli bloka diplomatiya ardınca getdiklərini açıq şəkildə bildirib.
















