• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.8499

    RUB - 1.9883

Novruz bazarlığı: Hər şey var, amma qiymətlər “əl yandırır” – REPORTAJ

CƏMİYYƏT

17 Mart 2025 | 11:09

Novruz bazarlığı: Hər şey var, amma qiymətlər “əl yandırır” – REPORTAJ

Novruz bayramına sayılı günlər qalıb. Ənənəyə görə, insanlar süfrələrini bayram nemətləri ilə doldurmağa çalışırlar.

Lakin bazarlarda məhsulların qiymətində kəskin artım müşahidə olunur. Keçən illə müqayisədə xüsusilə quru meyvə, çərəz, meyvə-tərəvəz və şirniyyat məhsullarında bahalaşma nəzərə çarpır.

Qiymətləri daha yaxından öyrənmək üçün Bakıvaxt.az-ın əməkdaşı bazarlara üz tutdu. Bazarlarda hər büdcəyə uyğun məhsul tapmaq mümkün olsa da, Novruzun simvolu olan qoz, fındıq və digər çərəzlərin qiymətində əhəmiyyətli dərəcədə artım var.

Məsələn, fındıq və qozun bir kiloqramı 9-10 manatdan başlayaraq, keyfiyyətindən asılı olaraq 18-20 manata qədər dəyişir. Keçən il bu qiymətlər orta hesabla 6-12 manat arasında idi. Şabalıd isə bazardan asılı olaraq 7-19 manat arasında dəyişir. Novruz süfrəsinin bəzəyi olan xurmanın ən ucuzu 6-8, kişmiş 7-9 manat, ərik qurusu isə 10 manata qədər bahalaşıb.

Meyvə-tərəvəzin də qiymətində kifayət qədər artım var. Məsələn, pomidor 4-5 manat, xiyar 3-4 manat, kartof və soğan 1.5-2 manat, göyərtinin kiçik dəstəsi isə 30-40 qəpikdən təklif edilir.

Bəs bu artıma alıcıların reaksiyası necədir?

Nəvəsi ilə bazara üz tutan Zərnişan Məmmədəliyeva deyir:

"Qadan alım, pensiyanı alıb elə bazarda qoymuşam. Qalanı Allah Kərimdir, görək başımıza nə iş gələcək. Vallah, adam Novruz süfrəsi açmağa qorxur. Əvvəllər bayramqabağı qiymət düşərdi, indi isə artır. Yəni, bayramı ancaq pulu olanmı keçirməlidir?"

Alıcı Nicat Hüseynli isə vəziyyətə bir az yumorla yanaşır:

"Bizdə bayramqabağı qiymətləri endirmək yox, qaldırmaq dəbdir. Başqa ölkələrdə bayram günlərində endirimlər edilir ki, insanlar daha çox ala bilsinlər. Bizdə isə əksinə, qiymətləri artırırlar".

Bahalaşmanın ona təsir etmədiyini bildirən alıcılar da az deyil:

"Qiymətlər bahadır, amma bazar iqtisadiyyatı belə işləyir. Təklif çoxaldıqca qiymətlər nisbətən enəcək. Məncə, keyfiyyətli məhsul almaq üçün baha da olsa, xərcləmək lazımdır".

Qiymət atrımı ilə bağlı satıcıların da fikirlərini öyrəndik.

Satıcıların dediyinə görə, bahalaşma onların əlində deyil. Onlar da məhsulu baha alır, məcbur olub baha satırlar:

"Bizə gələn qiymət budur, ay bala. Hərə öz evinə çörək aparmalıdır. Bütün günü 2-3 qəpiyə işləməliyik? Axı biz də bu bazardan qazanc götürməliyik. Adam var ki, gəlir, qiyməti soruşur, sonra başını bulayıb gedir. Nə edək, hamıya pulsuz verək?!"

Gördüklərimizdən, qiymətlərdən və alıcı çoxluğundan belə qənaətə gəlmək olar ki, Novruz bayramı öncəsi bazarda canlanma var, amma bu əsasən məcburi alış-verişdən qaynaqlanır. İnsanlar ənənəvi bayram süfrəsindən imtina etməməyə çalışsalar da, qiymətlərin artması səbəbindən alış-verişlərini daha ehtiyatla edirlər.

Bəzi alıcılar sadəcə bazardakı vəziyyəti öyrənmək üçün gəldiyi halda, digərləri isə əsas məhsulları minimum səviyyədə almağa üstünlük verir. Amma istənilən halda müşahidələr göstərir ki, Novruz bayramı üçün alış-veriş etmək əvvəlkindən daha çətin və baha başa gəlir.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR