Tokio-2020 Yay Olimpiya Oyunlarında uğursuz nəticə göstərən Azərbaycanın 27 idmançısı çıxışını bitirib.
Hətta ilk dəfə Olimpiadaya tam heyətlə yollanmış Azərbaycan cüdo yığması cəmi 1 bürüncə sevinə bildi. 9 cüdoçudan yalnız İrina Kindzerska fəxri kürsüyə qalxmağı bacardı. Medal ümidləri Rüstəm Orucov, Məmmədəli Mehdiyev Vətənə əliboş qayıtdılar.
İdman yazarı Səbuhi Musayev Bakıvaxtı.az-a bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında əvvəlki Olimpiya Oyunları ilə müqayisədə daha az idmançı ilə təmsil olunuruq.
“40 lisenziya və 44 idmançı ilə təmsil olunurduq. Amma bu fakt imkan vermir ki, biz beynəlxalq idman yarışında aşağı keyfiyyətdə çıxış edək. Bu heyətdə olan idmançılardan medallar gözləyirdik. Hətta qızıl və gümüş medalların qazana bilərdik. Ancaq həmin idmançılar ümidləri doğrultmadı. Məsələn, son Avropa çempionu Orxan Səfərovun ilk görüşdə məğlub olması ona heç yaraşmadı”,-deyə S.Musayev bildirib.
İdman yazarı qeyd edib ki, kürsüyə qalxmağı bacarmayan idmançılarımız məğlubiyyətin səbəbini pandemiya ilə əlaqələndirirlər: “Gənclər və İdman Nazirliyi pandemiya şəraitində onların məşqləri davam etdirməsi üçün hər cür şərait yaratmışdı. Onlar təlim-məşq toplanışlarında iştirak ediblər. Açıq və qapalı zallarda onlar məşqlərini davam etdiriblər. Onların hətta beynəlxalq təlim-məşq toplanışında iştirakı təmin olunub. Onların bütün istəkləri yerinə yetirilib.
Vurğulayım ki, 7 kişi cüdoçumuzun olimpiadada zəif çıxış etməsi bağışlamaq mümkün deyil. Ona görə də Azərbaycan Cüdo Federasiyası iclas keçirərək qərar verdi ki, baş məşqçi başda olmaqla məşqçilər heyəti istefaya göndərilsin. Cüdoçulara verilən maaşın azaldıması barədə də qərar qəbul edilib. Çünki onlar ümidləri doğrultmadı”.
Ramid İbrahimov
















