Yeni elmi araşdırma ölümcül göbələk infeksiyalarının qlobal isinmə səbəbilə daha geniş ərazilərə yayıla biləcəyini ortaya qoyub.
Bakıvaxtı.az xəbər verir ki, Mançester Universitetinin alimləri tərəfindən aparılan tədqiqata əsasən, isti bölgələrdə rast gəlinən "Aspergillus fumigatus" adlı göbələk insanlarda ciddi tənəffüs yolları xəstəliklərinə səbəb ola bilər.
Mütəxəssislər bu növün Afrikadan və Cənubi Amerikadan Avropa və Asiya istiqamətində yayılacağını proqnozlaşdırırlar. Araşdırmada yayılmanın miqyasının fosil yanacaqların istifadəsi və istixana qazı emissiyalarına bağlı olduğu da qeyd olunub.
Araşdırmanın əsas müəllifi Norman van Rhijn göbələk infeksiyalarının müalicəsinin "son dərəcə çətin" olduğunu vurğulayıb və zəruri tədbirlərin görülməsinə çağırıb.
Təxminlərə görə, bu göbələk növünün yayılma sahəsi 2100-cü ilə qədər 77 faiz arta bilər. Bu isə yalnız Avropa qitəsində təxminən 9 milyon insan üçün sağlamlıq riski yarada bilər.
Xüsusilə xroniki ağciyər xəstəlikləri olan və immun sistemi zəif olan şəxslərə diqqətli olmaları tövsiyə olunur.
Nuriyyə Musayeva