• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

“Onların vəzifəsi bəzi jurnalistlərin hesab etdiyi kimi, telefona cavab vermək deyil”

MEDİA

16 Oktyabr 2023 | 20:45

“Onların vəzifəsi bəzi jurnalistlərin hesab etdiyi kimi, telefona cavab vermək deyil”

Xəbər verdiyimiz kimi, Azərbaycanda dövlət kommunikasiyasının təkmilləşdirilməsi və bu sahədə təcrübə mübadiləsi məqsədilə 30 dövlət qurumunun ictimaiyyətlə əlaqələr sahəsinə məsul əməkdaşlarından ibarət nümayəndə heyəti oktyabrın 10-dan 15-dək Türkiyədə səfərdə olub.

Bakıvaxtı.az xəbər verir ki, TƏBİB-in ictimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Adilova səfərlə bağlı təəssüratlarını sosial şəbəkə hesabında  ölüşüb:

“Bu səfər bizim hər birimizə imkan verdi ki, kommunikasiya sahəsində qardaş ölkənin təcrübəsini, iş mexanizmini, qayda və yanaşmasını mənimsəyib, aktiv müzakirələr yolu ilə təcrübə mübadiləsi aparaq. İlk olaraq yekdil qərarımızı ərz edim ki, dünyada PR-kommunikasiya alətləri, trend və tendensiyaları eynidir. Qaydalar yerli mühitə, kontingentə, hədəf auditoriyasına və informasiyalı cəmiyyətin tələblərinə uyğunlaşdırılır. Heç şübhəniz olmasın ki, dövlət qurumlarının media təmsilçiləri olaraq, bizim hər birimiz də bu alətlərdən düzgün formada istifadə edirik.

Bir çox ölkələr kimi, Türkiyədə də dövlət qurumları əsas və etibarlı informasiya mənbəyi sayılır. Amma bununla belə, dezinformasiya da qaçılmaz olur. Mütərəqqi mübarizə üsulu kimi Türkiyə Respublikası Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin nəzdində yaradılan Dezinformasiya Mərkəzinin təcrübəsi maraqlı və effektivdir. Dövlət qurumları, hökumət, dövlət siyasəti və digər strateji məsələlərlə bağlı əsli olmayan, kütləni yanlış yönləndirən, ölkənin imicinə xələl gətirən, dəqiqləşdirilməmiş, mənafeyə zidd olan məlumatlara dair mediada yanlışlığa yol verildikdə, dərhal həmin mərkəz tərəfindən düzəlişlər təkzib və açıqlama olaraq ictimaiyyətə açıqlanır. Səhv informasiya təqdim edən media subyektindən yanlışlığın düzəldilməsi tələb olunur. Yeri gəldikdə isə sanksiyalar tətbiq olunur.

Medianın informasiya yarışı bütün dünyada aktualdır. Amma köklü və peşəkar media subyektlərində informasiya onlar üçün marka dəyəridir. Bu arada, Türkiyə dünyada brend dəyəri yaradan ölkələr siyahısında ilk top 5-də qərarlaşır. Bunun nəticəsidir ki, bu gün “Turkey” artıq “Türkiye”yə çevrilib. Brend dəyərinin yaradılmasında Cümhuriyyətin ən nəhəng şirkətləri (“Turkish Airlines”… və s.) hökumətlə sıx əməkdaşlıq edərək, könüldən bu prosesin iştirakçısına çevrilirlər.

Hazırda türk serialları və turizm də dövlət markasının yaradılmasının düşünülmüş və rentabelli alətlərindəndir. Qeyd etməyə lüzum yoxdur ki, Türkiyənin brend rəngi rəmzi olaraq qırmızıdır. Bu rəngi hər yerdə, hər detalda, hər tribunada görməyiniz mümkündür. Rəng özü belə Türkiyə ilə assosiasiya olunur.

Bəs PR və brend yaratmaqda media hansı rolu oynayır?!

Həmrəylik…

Media dövlətin siyasi xəttini rəhbər tutaraq öz rıçaqlarını işə salır. Bu gün dünyanın ən qaynar nöqtələrində - Rusiya, Ukrayna, İsrail, Fələstin və s. kimi ölkələr də daxil olmaqla, 100 ölkədə təmsilçiliyi, xaricdə 41 ofisi olan, gündəlik 2 000 xəbər istehsal edən “Anadolu Ajansı” fəaliyyət göstərir. Agentlik bütün qitələrdən olan insanlar üçün etibarlı informasiya mənbəyi, qlobal media partnyorları üçün isə rəqibdir.

41 dildə danışan “TRT World”ün əsas vizyonu da müsbət dəyişikliklər üçün katalizator olmaqdır. Bu il “TRT World” “Ukrayna müharibəsi gündəlikləri” sənədli filminə görə Beynəlxalq “Emmi” Mükafatlarının “Xəbərlər və aktual işlər” kateqoriyasında mükafata layiq görülüb. 190 ölkədə yayımlanan və 24 saat kəsintisiz yayım həyata keçirən “TRT World” bəlgəsəlləri ilə tarix yaradır və yeri gələndə dünya siyasətinin düzənini dəyişir.

“Bizim üçün düzgün informasiya vermək və bunu ən çevik çatdırmaq bir şərəf məsələsidir”, - deyir ziyarət etdiyimiz media subyektlərinin məsul şəxsləri.

Qısa haşiyəyə çıxaraq müşahidələrimi qeyd edəcəyəm; media təmsilçilərini dinləyərkən bəzən diplomat, siyasətçi və ya jurnalist kimliyini müəyyən etməkdə çətinlik çəkirdim. Türklər demiş “çok iyi yetişdirilmişler”. 

Bəs onların təbirincə desək, basın müşavirlərinin iş prinsipi necə qurulub?!

İlk olaraq qeyd edim ki, əməkdaşların sayı vəzifə bölgüsünə uyğunlaşdırılıb. İdarənin bir bölməsini - məsələn, multimedia və ya sosial medianı özümüzlə müqayisə etsək, bizim bütün departamentin əməkdaşlarının sayından çoxdur. Elə yeri gəlmişkəm, kommunikasiya məsələləri Xarici İşlər, Milli Müdafiə, Mədəniyyət və Turizm nazirliklərində böyük idarə, Türkiyə Prezidenti yanında isə Ankara və İstanbul şəhərlərində rəsmi nümayəndəlik olmaqla Başkanlıq şəkilində fəaliyyət göstərir. Texniki, texnoloji təchizat da xüsusi həssaslıqla nəzərə alınaraq təmin olunub.

Media ilə operativ əlaqə vatsap qrupları üzərindən həyata keçirilir. Mediaya açıqlanacaq məlumatlar müəssisəsinin ayrı-ayrı struktur bölmələri tərəfindən təqdim olunmuş ilkin məlumatlar əsasında hazırlanmaqla birbaşa müəssisə rəhbəri ilə, yeri gəldikdə isə əlaqəli dövlət qurumları və İletişim Başkanlığı ilə razılaşdırmaqla açıqlanır. Tabeli qurumların kommunikasiya fəaliyyəti bir mərkəzdən tənzimlənir və koordinasiya olunur. Qurumların kommunikasiyasına cavabdeh olan rəhbər şəxslər qurumun, qurum rəhbərinin imicinin formalaşdırılması, kommunikasiya, böhran strategiyasının həyata keçirilməsi, müəssisənin ümumi fəaliyyətinin və siyasətinin formalaşdırılmasında iştirak edir. Mətbuat katiblərinin vəzifəsi bəzi jurnalistlərin hesab etdiyi kimi, telefon zənglərinə cavab vermək deyil. Bu da rəhbərin koordinasiyası və nəzarətilə növbəlilik təşkil olunmaqla struktur bölmənin mütəxəssisləri tərəfindən həyata keçirilir.

Müqayisəyə gəlincə, bu gün ölkəmizdə ictimaiyyətlə əlaqələr fəaliyyəti ölkə başçısının tapşırığına əsasən Prezidentin Administrasiyasının Kommunikasiya sektoru tərəfindən uğurla koordinasiya olunur, sahənin inkişafı üçün davamlı işlər görülür. Bu səfər də həmin tədbirlərin tərkib hissəsi idi. Yüksək təşkilatçılıq, məhsuldar görüşlər, interaktiv təcrübə mübadiləsi üçün nümayəndə heyətimiz adından minnətdarlığımızı ifadə edirik!

Yüksək hörmət, həssas münasibət və dəyəriniz əvəzolunmaz hisslər yaratdı. Hər birimiz təcrübəmizə bir daha nəzər saldıq, fəaliyyətimizi müqayisə etmək imkanı əldə etdik. Sayın basın müşavirlərim, siz də çox sağ olun, səmimiyyətiniz, dostluğunuz və əziyyətiniz üçün! Bu səfər, həm də sizin (bizim) nə qədər adekvat, zəhmətkeş və işinin bilicisi olduğunu bir daha sübut etdi.

Bilənlər bilir, bilməyənlər üçün bir nüansı da qeyd edim ki, Prezident Administrasiyasının koordinasiyası ilə bir-birimiz arasında sıx əməkdaşlıq əlaqələri mövcud idi. Bu səfər isə bizi daha da yaxınlaşdırdı və hətta deyərdim dosta çevirdi ki, bu da səmərəli əməkdaşlıq üçün olduqca vacib amildir”.

 


SON XƏBƏRLƏR

26 Iyul 2024