“Yollarda sürət həddinin aşılması çox vaxt “bir az tez çatmaq” düşüncəsi ilə əsaslandırılır. Lakin real rəqəmlərə baxdıqda bunun heç bir ciddi üstünlük vermədiyi aydın görünür. Məsafəni daha yüksək sürətlə qət etdikdə 10 kilometrlik məsafədə qazandığınız vaxt cəmi bir neçə dəqiqədən artıq olmur”.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev sürücülərə müraciətində deyib.
O bildirib ki, 60 km/saat əvəzinə 80 km/saatla hərəkət etdikdə təxminən 2 dəqiqə 30 saniyə, 80 km/saatdan 100 km/saat sürətə keçdikdə təxminən 4 dəqiqə, 100 km/saatdan 120 km/saat sürətə artırdıqda təxminən 5 dəqiqə irəli düşmək mümkündür: “Bu qədər kiçik zaman fərqinin müqabilində qəza riski isə dəfələrlə artır. Sürət yüksəldikcə nəqliyyat vasitəsinin dayanma məsafəsi uzanır, qarşıya çıxan təhlükəyə reaksiya gecikir və adi görünən bir manevr belə ağır nəticələnə bilir. Yəni qazandığını düşündüyün bir-iki dəqiqə əvəzində öz həyatını, sərnişinlərini və digər yol hərəkəti iştirakçılarını ciddi təhlükə ilə üz-üzə qoymuş olursan.
Yollarda təhlükəsizlik hər zaman birinci yerdə olmalıdır. Vaxtında çatmaq üçün ən doğru yol tələskənlik deyil, marşrutu və vaxtı düzgün planlamaqdır. Qaydaları pozaraq sürəti artırmaq nə real vaxt qazandırır, nə də yolu qısaldır, sadəcə riski böyüdür.
Sürətli yox, təhlükəsiz sür”.
Bakı 




