• Bakı 31° C

    3.71 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Polis xidmətləri telefonunuzda - DİN-dən açıqlama 

CƏMİYYƏT

28 Aprel 2021 | 15:21

Polis xidmətləri telefonunuzda - DİN-dən açıqlama 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, Dövlət Xidmətləri Reyestrinə əsasən Daxili İşlər Nazirliyi 30 adda xidmət göstərir, amma onlardan cəmi 1 xidmət elektronlaşıb.

“Kifayət qədər ictimai əhəmiyyət kəsb edən və populyar olan xidmətlər elektronlaşmayıb. Qonşu ölkələrin təcrübəsinə baxsaq görərik ki, bu tip xidmətlərin bir çoxu elektronlaşıb, hətta mobil versiyalar üzərindən bu xidmətləri almaq mümkündür.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, DİN-nin rəqəmsallaşma sahəsində  yetərincə təcrübəsi var və mükəmməl işləyən informasiya sistemi var. DİN-in operatoru olduğu İAMAS (“Giriş-çıxış və qeydiyyat") sistemi, ölkənin ən böyük və ən strateji resurslarından biridir,  demək olar ki, bütün digər dövlət  qurumları tərəfindən elektron xidmətlər göstərmək üçün istifadə olunur. Maraqlıdır ki, DİN bu sistemi digər dövlət qurumlarının elektron xidmət göstərməsi üçün onlara təqdim edir və  inteqrasiya edir, lakin özünün xidmətlərini elektronlaşdırmağa tələsmir. Bir müddət öncə də qeyd etdiyim kimi, DİN-nin yetərincə aktiv işləyən “102 zəng xidməti” olsa da indiyədək onun mobil versiyasının hazırlanmaması da,  xoşagələn bir hal deyil.

Rəqəmsal hökumətə keçidlə bağlı Prezidentin 14 mart 2018-ci il tarixli fərmanından 3 il keçib. Düşünürəm ki, DİN və VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi ictimai və sosial əhəmiyyət kəsb edən, populyar xidmətlərin tez bir zamanda rəqəmsallaşmasına və inteqrasiyasına diqqəti artırmalıdırlar”,-deyə O.Gündüz bildirib.

Eskpertin iddiaları ilə bağlı Bakivaxti.az-ın informasiya  sorğusuna Daxili İşlər Nazirliyindən (DİN) cavab verilib.

DİN Mətbuat Xidmətinin elektron xidmətlər üzrə əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, bu barədə O.Gündüzlə əlaqə saxlanılaraq, göstərilən xidmətlərlə bağlı müvafiq izahlar verilib: “DİN vətəndaş müraciətlərini asanlaşdırılması və daha operativ şəkildə təmin olunması məqsədilə bir sıra elektron xidmətlər təqdim edir. Bu elektron xidmətlər həm də e-xidmet.mia.gov.az portalında cəmlənib.

Portalda şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsini, ad, soyadını və elektron poçtunu əlavə edərək kabinet yaratmaqla orada yerləşdirilmiş 30-a yaxın elektron xidmətdən istifadə etmək mümkündür.

Vətəndaşlarımız e-xidmet.mia.gov.az portalında ümumvətəndaş pasportunun dəyişdirilməsi, nəqliyyat vasitələrinin ilkin qeydiyyata alınması, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi və sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu, məhkumluq barədə arayışların verilməsi və digər xidmətlərdən yararlana bilərlər.

Həmçinin DİN-in rəsmi veb saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata düşmək, o cümlədən ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclu fiziki şəxslər və cavabdehlər barədə məlumatlar almaq, həmçinin dövlət rüsumlarının, cərimələrin və xidmət haqqlarının elektron ödəmələrini də həyata keçirmək mümkündür.

Həmçinin egov.az elektron hökumət portalında DİN tərəfindən təqdim olunan elektron xidmətlərdən biri də "FİN-ə görə fərdi məlumatların axtarışı” xidmətidir.

“Elektron hökumət” portalında Daxili İşlər Nazirliyinin “FİN-ə görə fərdi məlumatların axtarışı” xidməti vasitəsi ilə vətəndaşın FİN kodu daxil edilərək, FİN koda uyğun fərdi məlumatlarını əldə etmək mümkündür. Bu xidmət bir növ elektron şəxsiyyət vəsiqəsi rolunu oynayır.

Diqqətə çatdırıram ki, hazırda Daxili İşlər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin mobil versiyası üzərində işlər görülür. Bu xidmətlər də yaxın vaxtlarda vətəndaşların istifadəsinə veriləcəkdir”.

Ramid İbrahimov

Bakivaxti.az


SON XƏBƏRLƏR

18 Iyul 2025