NATO ölkələri ABŞ-nin seçilmiş prezidenti Donald Trampın hərbi xərcləri ÜDM-in 5 %-nə qədər artırmaq tələbini yalnız 10 ildən sonra yerinə yetirə biləcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış Financial “Times” qəzetinə müsahibəsində açıqlayıb.
“Trampın tələblərinin yerinə yetirilməsi üçün daha bir onillik lazım olacaq, lakin düşünürəm ki, onu həqiqətən də iddialı hədəfə görə tənqid etmək lazım deyil, çünki əks halda bəzi ölkələr əlavə məxariclərin (hərbi ehtiyaclar üçün – red.) həqiqətən lazım olub-olmadığı barədə mübahisə etməyə davam edəcəklər”, – o söyləyib.
Nazirin sözlərinə görə, Polşa da müdafiə xərclərini artırmaq üçün əlavə imkanlar axtarmalıdır.
“Əgər biz COVID-19 pandemiyasından sonra bərpa olmaq üçün borca girə bilmişiksə, şübhəsiz ki, müharibədən qorunmaq üçün pul tapmalıyıq”, – Kosinyak-Kamış qeyd edib.
Xatırladaq ki, daha əvvəl Tramp NATO ölkələrinin hərbi xərclərini ÜDM-in 5 %-nə qədər artırmağa nail olmaq niyyətində olduğunu bildirib. Almaniya kansleri Olaf Şolts artıq gələcək ABŞ administrasiyası başçısının tələbinə qarşı çıxıb.