“Azərbaycan tərəfindən Xəzəryanı ölkələrlə qarşılıqlı əməkdaşlıq əlaqələrinin olması daim diqqət mərkəzində dayanır”.
Bunu millət vəkili Cavanşir Paşazadə Bakıvaxtı.az-a iyunun 29-da Xəzəryanı Dövlətlərin Dövlət başçılarının Aşqabadda keçirlən VI Zirvə Toplantısının əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, Xəzərin iqtisadi potensialı, ölkələr arasındakı ticarət və əməkdaşlıqda oynadığı müstəsna rol zirvə toplantısında gündəmə gələn mövzuların da əhəmiyyətini artırır. Deputat bildirib ki, Azərbaycan dünya dövlətləri içərisində böyük nüfuza malik, siyasi və iqtisadi cəhətdən inkişaf etmiş ölkədir: “Cənab Prezidentin Aşqabad səfəri zamanı baş tutan ikitərəfli görüşlər Azərbaycanın böyük əhəmiyyətinin əyani sübutudur. Prezident İlham Əliyevin Aşqabad səfərini olduqca uğurlu addım hesab edirəm. Çünki regionda sülhün bərqərar olması, dövlətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılan bu addım olduqca böyük əhəmiyyət daşıyır. Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev də ölkələrin Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verdiyini qeyd edib”.
C.Paşazadə qeyd edib ki, Azərbaycan Prezidenti ölkələr arasında ticarət dövriyyəsinin artmasından, eyni zamanda, sənaye kooperasiyası, nəqliyyat və energetika sahələrində əməkdaşlığın genişlənməsindən məmnunluğunu deyib: “Cənab Prezident Aşqabadda ikitərəfli görüşlərin də regional məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığını söyləyib. Prezident İlham Əliyev Xəzəryanı ölkələr arasında əlaqələrin inkişafı baxımından ikitərəfli görüşlərin ölkələr və xalqlar naminə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirib”.
Millət vəkili Azərbaycan Prezidentinin Aşqabad səfərini yürüdülmüş siyasətin növbəti uğurlu addımı kimi qiymətləndirdiyini qeyd edib.
Nuranə Daxilqızı