• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Proseslər sülhü vəd edir: Hazırda yeganə tormozlayıcı problem odur ki...

SİYASƏT

20 May 2024 | 15:24

Proseslər sülhü vəd edir: Hazırda yeganə tormozlayıcı problem odur ki...

"Əgər söhbət Azərbaycan və Ermənistan arasındakı münaqişənin birdəfəlik həllindən gedirsə, tərəflər uzun müddət dinc, normal qonşuluq siyasətini həyata keçirmək istəyirlərsə, ikitərəfli müstəvidə danışıqların davam etdirilməsinə ehtiyac var".

Bu sözləri politoloq Natiq Miri Bakıvaxtı.az-a açıqlamasında deyib.

Analitik vurğulayıb ki, ortada konkret praktiki nəticələr var və bunun səbəbi aparılan ikitərəfli müzakirələrdir. Onun sözlərinə görə, tərəflər arasındakı müəyyən anlaşmalar, sərhədlərin demarkasiyası və Almatı danışıqları göstərdi ki, artıq heç bir qlobal gücə, onların vasitəçiliyinə, beynəlxalq təşkilatların prosesə qoşulmasına ehtiyac yoxdur:

“Əslində qlobal gücləri də narahat edən məqam budur. Ancaq başqa yol yoxdur. Azərbaycan elə bir reallıq yaradıb ki, kənar müdaxilələr mümkün olmur və effekt vermir. İrəvan da qlobal vasitəçiləri istəmir. Ona görə də beynəlxalq oyunçular məcburiyyət qarşısında da olsa ikitərəfli müzakirələri alqışlayırlar. Çünki onlar da anlayır ki, Ermənistanın təhlükəsizliyini təmin etməyin yeganə yolu budur. Aprelin 5-də Brüsseldə ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçirilmiş məlum üçtərəfli görüşdən sonra İrəvan anladı ki, Ermənistanın fundamental problemlərini, o cümlədən iqtisadi və təhlükəsizlik böhranını özündən başqa heç kim həll etməyəcək".

Həmsöhbətimiz vurğulayıb ki, Ermənistan bütün vədlərin boş, mənasız olduğunu gördü:

"İrəvan dərk etdi ki, Ermənistanın da regionda baş verən və çox sürətlə dəyişən dinamikaya ayaq uydurması qaçılmaz zərurətdir. Məhz o səbəbdən Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən kommunikasiyaların açılması və sülh sazişinin imzalanması məsələsi tez-tez gündəmə gətirilir. Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasının başqa alternativinin olmadığını etiraf edir. Bu da reallığı anlamaq deməkdir”.

Natiq Miri:  Ermənistan bütün vədlərin boş, mənasız olduğunu gördü

N.Miri qeyd edib ki, bütün bunların hamısı sülhü vəd edir.

“Hazırda yeganə tormozlayıcı problem odur ki, Ermənistan niyyət protokolunda konkret xəritələrin qeyd olunmasını istəyir ki, Bakı buna qarşı çıxır", - deyə Natiq Miri əlavə edib.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024