• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Putin nüvə silahının düyməsini basarsa … - Hərbi ekspertdən AÇIQLAMA

CƏMİYYƏT

02 Mart 2022 | 09:52 | Müəllif: Qalib İbrahimoğlu

Putin nüvə silahının düyməsini basarsa … - Hərbi ekspertdən AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusuna nüvə qüvvələrini "xüsusi hazırlıq" vəziyyətinə gətirməyi əmr edib. Bu, Rusiyanın Strateji Raket Qüvvələri üçün işə düşməyə ən yüksək hazırlıq səviyyəsidir.

Nüvə silahından istifadə edilsə, dünyanı hansı təhlükə gözləyir? Hərbi ekspert Emin Həsənli Bakıvaxtı.az-a bildirib ki, silahlar içində ən təhlükəlisi nüvədir. “Nüvə silahını ilk dəfə 1945-ci ildə ABŞ Yaponiyanın iki şəhərinə atıb. Daha sonra ABŞ rəhbərliyi bəyan edirdi ki, bu cür dağıntıların olacağını təsəvvür edə bilməyiblər”.

Dünyanın bir neçə ölkəsində nüvə silahı var. İlk ABŞ ona sahib olub: “Nüvə silahından dövlətlər bir-birinə qarşı adətən təhdid kimi istifadə edirlər. Hələ o vaxtdan bəri nüvə silahından istifadə edilməyib. Nüvə çox dağıdıcı gücə malikdir. Bu silah istifadə edilsə, uzun müddət onun fəsadları qalacaq. Çernobıl Atom Stansiyasındakı sızma nəticəsində onun mənfi fəsadları hələ də qalmaqdadır. Eyni zamanda, Yaponiya kimi güclü dövlət nüvə silahının yaratdığı fəsadları aradan qaldıra bilmədi”.

Ekspert deyir ki, nüvədən istifadə ən böyük bəşəri cinayət olar. Onun sözlərinə görə, Putin nüvə silahı ilə dövlətləri sadəcə təhdid edir: “Ağıllı, məntiqli insanların heç biri təsəvvür edə bilmir ki, bu cür dağıdıcı silahdan istifadə etmək olar”. E.Həsənli bildirib ki, 1945-ci ildə istifadə edilən nüvə silahı ilə indikinin gücü bir deyil: “Bu silahdan istifadə həm dünya üçün, həm istifadə edən ölkə üçün böyük fəsadlara gətirib çıxara bilər. Heç də təsadüfi deyil ki, uzun müddət irəli sürülən fikirlərə görə, Üçüncü Dünya müharibəsi dünyanın sonu ola bilər. Çünki nüvə silahından istifadə olunsa, bəşəriyyətin məhvinə gətirib çıxara bilər. Nüvə silahı təyyarələrdə, sualtı qayıqlarda, gəmilərdə daşınır. Putin bu silahdan istifadə etsə, tək Ukraynanı deyil, ümumilikdə Qərb ölkələrini hədəf ala bilər” deyən Həsənli hesab edir ki, lakin Putinin ətrafı da buna icazə verməz.

Ekspertin dediyinə görə, hazırda İkinci Dünya müharibəsindən sonra dünya, ən gərgin dövrünü yaşayır: “İndiyə qədər olan müharibələrin heç biri bu qədər, region üçün təhdid rolunu daşıyırdı. Dünya ölkələri də Rusiyaya bu qədər sanksiyalar tətbiq etməmişdi. Rusiya digər dövlətlərdən həm hərbi, həm iqtisadi baxımdan qat-qat güclü olduğundan, bu müharibənin Avropada baş verməsi dünya üçün böyük təhdid anlamına gəlir. Bu müharibənin sonu olaraq dünyada bir düzən yaranacaq. Dünyanın ümumiyyətlə, yeni bir baxışa ehtiyacı var. BMT yenə də ortalıqda görünmür. Biz onsuz da Qarabağ məsələsində buna şahid olmuşduq. Bir daha əmin olduq ki, artıq ATƏT və BMT yox olub. Dünyada yeni bir düzən yaranmalıdır. Gələcəkdə nüvə silahları ixtisar edilməlidir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026