Dövlət Akademik Musiqili Teatrı növbəti premyeraya hazırlaşır. İstedadlı kollektiv bu dəfə də tamaşaçıları maraqlı bir səhnə əsəri ilə sevindirmək istəyir.
Bakıvaxtı.az xəbər verir ki, söhbət “Qadınım” tamaşasından gedir.
Yanvarın 25-də premyerası olacaq tamaşa Türkiyənin tanınmış yazıçı və dramaturqu Tuncər Çücənoğlunun “Matroşka” pyesi əsasında hazırlanıb. Dünyanın müxtəlif ölkələrində əsərləri səhnəyə qoyulan Tuncər Çücənoğlunun bədii qəhrəmanları Azərbaycan tamaşaçılarına da yaxşı tanışdır, müəllifin pyeslərinə ayrı-ayrı teatrlarımız müraciət edib.
“Qadınım” sevgi və ehtiras dolu iki aşiqin həyatından bəhs edir. Onlar öz hissləri uğrunda sona qədər mübarizə aparmaq istəyirlər.
Tamaşanın quruluşçu rejissoru, Prezident mükafatçısı İradə Gözəlovadır. İstedadlı rejissor bu səhnə əsərini lirik-psixoloji melodram kimi müəyyən edib.
Teatrın mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, “Qadınım” tamaşasında rolları teatrın gənc və perspektivli aktyorları, Prezident mükafatçısı Əmrah Dadaşov və Gültac Əlili ifa edirlər. Yeni səhnə əsərində tamaşaçılar teatrın xor və balet artistlərinin də maraqlı çıxışını görə biləcəklər.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur. Səhnənin plastik həllini verən Nigar Şahmuradovanı həm də aktrisa kimi görmək mümkün olacaq.
Tamaşada istifadə olunun videogörüntülər isə Murad Həsənova aiddir.
Xatırladırıq ki, tamaşanın premyerası yanvarın 25-də olacaq.
















