Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa ünvanladığı təşəkkür məktubu, ilk baxışda iki dövlət arasında diplomatik jest təsiri bağışlasa da, əslində, bölgənin gələcək siyasi arxitekturuna yönəlmiş strateji ismarıcdır. Prezident Əliyevin Prezident Trampın qlobal gərginliyi azaltmaq yönündəki fəaliyyətini yüksək qiymətləndirməsi və bunu Nobel Sülh Mükafatı səviyyəsində dəyərləndirməsi, çağdaş beynəlxalq münasibətlərdə məsuliyyətli liderliyin önəminə edilən çağırışdır.
Qarşılıqlı sayğıduyarlığın bölgəyə təsiri danılmazdır; özəlliklə də dialoqdan sabitliyə keçid mərhələsində.
Günümüz dünyasında gərginlik yaradan ən ciddi səbəblərdən biri dövlətlər arasında güvən çatışmazlığıdır. İran–Qafqaz xətti, Rusiya–Qərb münasibətləri, Yaxın Şərqdə sınanmış siyasi strukturlar fonunda Bakı-Vaşinqton xəttində nümayiş olunan qarşılıqlı sayğı və dəyərləndirmə, ikitərəfli münasibətlərlə birgə, bütün bölgənin psixoloji sabitliyinin formalaşmasına töhfə verə bilər.
Prezidentlərin bu ismarıcları həm də belə bir siqnaldır ki, “əsəblər dönəmi”nin bitdiyi Qafqazda, “rasional işbirliyi dönəmi” güclənməlidir.
Bəs liderlərin sülh vurğusu güvəni necə formalaşdırır?
Güvən hərbi-siyasi təhlükəsizliklə yanaşı, iqtisadi inkişafın, humanitar bağların və uzunmüddətli sabitliyin əsas sütunudur. Liderlərin – özəlliklə də beynəlxalq sistemdə çəkisi olan dövlət başçılarının – sülh və sabitlik haqqında ardıcıl ismarıcları yüksək səviyyə və səciyyəyə malikdir:
-qarşı tərəfə niyyətin şəffaf olduğunu göstərir;
-gərginliyi azaldır;
-bölgəsəl aktorlar arasında “maraq üstündə maraq” deyil, “maraq üstündə güvən” modelini önə çıxarır;
-diplomatik kanalların açıq qalmasını təmin edir.
Bu fonda Prezident Əliyevin məktubu bölgədə güvən mühitinin institusionallaşmasına çağırış kimi oxunmağı haqq edir.
Nəzərə almaq lazımdır ki, Güney Qafqaz hazırda savaşsonrası mərhələsini yaşayır və bu mərhələ yalnız Azərbaycan və Ermənistanın yox, həm də beynəlxalq güclərin çevik diplomatik dəstəyi ilə sabitləşə bilər. ABŞ Prezidentinə ünvanlanan təşəkkür məktubu daha nələri göstərir?
Bizcə:
-Bakı bölgəsəl sülhü qlobal dəstək mexanizmləri ilə sinxron şəkildə qurmaq istəyir;
-Vaşinqtonun bölgəyə marağı artıq yalnız enerji və təhlükəsizlik kontekstində deyil, davamlı sabitlik arxitekturu müstəvisində dəyərləndirilir;
-bölgəsəl oyunçulara siqnal verilir ki, Qafqazda hərbi ritorika deyil, geosiyasi məsuliyyət dönəmi başlanır.
Bəs bu ismarıclar bölgəyə necə bir gələcək vəd edir?
Birinci perspektiv – psixoloji baryerlərin aradan qaldırılması olacaq.
Sülh öncə beyinlərdə başlayır. Liderlərin verdiyi hər sülh ismarıcı cəmiyyətlərə, özəlliklə də düşmənçilik sindromundan yeni çıxan xalqlara yönəlmiş önəmli psixoloji təsirdir.
İkinci perspektiv – güvən institutlarının yaranması ola bilər.
Sərhəd komissiyaları, iqtisadi işbirliyi formatları, kommunikasiya xətlərinin açılması kimi texniki məsələlər yalnız siyasi güvən fonunda mümkündür.
Üçüncü perspektiv – Qafqazın yeni geosiyasi cazibə mərkəzinə çevrilməsidir.
Sabit bölgə yatırım, innovasiya və daşımaçılıq-marşrut üstünlükləri baxımından beynəlxalq aktorlar üçün daha cəlbedici olur.
Beləliklə,
Prezident Əliyevin Prezident Trampa ünvanladığı təşəkkür məktubu həm ikitərəfli diplomatiyada yeni səhifə, həm də bölgə üçün sülh düşüncəsinin davamlı siyasi jestə çevrilməsinin ifadəsidir. Bu cür ismarıclar Qafqazda gərginliyi azaldır, dialoq mühitini gücləndirir və güvənin bərpası üçün vacib siyasi “fond” yaradır.
Bu proses, əslində, Qafqazda sadəcə yeniləyiş sayılmamalı, tamamilə yeni bir siyasi fəlsəfənin formalaşması kimi qəbul edilməlidir.
Bugünkü dünya liderləri danışıqları bir masa arxasında aparmırlar – bəzən bir məktub, bir bəyanat, bir jest bütövlükdə bölgələrin taleyini dəyişdirə bilir.
Əsas olan odur ki, sülhə yönəlik bu siyasi iradə tərəflər arasında güvəni gücləndirərək, Güney Qafqazı yeni bir sabitlik epoxasına daşıya bilsin.
Dövlətimiz zaval görməsin!
Bakıvaxtı.az
Bakı 











