Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) işğaldan azad olunan Xankəndi, Şuşa, Xocalı, Laçın, Kəlbəcər və Ağdam şəhər və rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, imtahanlar Xankəndi şəhəri 4 nömrəli, Xocalı şəhəri 1 nömrəli, Şuşa şəhəri 1 nömrəli, Laçın şəhəri 2 nömrəli, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəblərində təşkil olunub.
İşğaldan azad olunan ərazilərdə 6 imtahan binasında keçirilən imtahanlarda ümumilikdə 105 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 6 bina nümayəndəsi, 6 imtahan rəhbəri və 8 zal nəzarətçisi cəlb olunub.
İmtahan bütün binalarda eyni vaxtda başlayıb və 3 saat davam edib. Bütün məntəqələrdə imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Qeyd edək ki, Kəlbəcər şəhəri 1 nömrəli və Ağdam rayonunun Kəngərli kənd tam orta məktəbində buraxılış imtahanları bu il ilk dəfə keçirilib.
Bakı 




