Hər gün Saray qəbiristanlığının yanından keçirəm. Qarşılaşdığım mənzərə məni xeyli kədərləndirir. Evlərin əksəriyyəti qəbiristanlığının içində tikilib. Sanki insanlar ölülərini evlərin həyətində basdırıblar. Təsəvvür edin, pəncərəni açıb hava almaq istəyirsiniz, ancaq qarşılaşdığınız mənzərə qəbir daşlarıdır.
Belə bir yerdə ev tikilməsinə icazə vermək nə dərəcədə düzgündür?
Tikinti eksperti Elnur Azadov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycanda müvafiq tikinti və şəhərsalma qanunvericiliyi var: "Bu qanunvericiliyə əsasən, Azərbaycan müəyyən ərazilərə bölünüb. Bu ərazilərin də təyinatı planmada əks olunur. Burada hansı ərazinin şəhər, qəsəbə və ya kənd statusuna aid olduğu qeyd olunur. Beləliklə, dövlət tərəfindən şəhər, qəsəbə və kəndlərin daxilində qəbiristanlıqlar üçün də yerlər ayrılıb".
Ekspert bildirib ki, keçmişə nəzər salsaq, adətən, insanlar qəbiristanlığa yaxın ərazidə yaşamağa üstünlük vermirdi: "Çox vaxt o sahələr boş olurdu. Lakin sonradan bələdiyyə bu torpaqları satdı. Axıra qalan torpaqlar da elə bu qəbiristanlıq ətrafında, əlverişsiz yerlərdə olub. Bələdiyyələr birinci yaxşı torpaqları satıb, daha sonra qəbiristanlıq ətrafını”.
Onun sözlərinə görə, əlavə olaraq, son illər evlərin qiyməti kəskin artır deyə vətəndaşlar ev almaq üçün vəsait toplaya bilmirlər. Azərbaycanda bir çox vətəndaşın gəliri də o qədər yüksək deyil. Ona görə, insanlar keçmişdən fərqli olaraq qəbiristanlıq ətrafındakı torpaqları almağa üstünlük verirlər.
E.Azadov qeyd edib ki, bir sözlə, mühit insanları buna vadar edir.
“Əminliklə deyə bilərəm ki, bu kimi torpaqların üzərində bir çox vətəndaşın mülkiyyət hüququ yoxdur. Çox güman ki, bələdiyyə torpaqlarıdır, bəlkə də, heç təyinatları da yaşayış məntəqələri deyil. Qanunla yalnız yaşayış məntəqəsi olan torpaqlarda mülkiyyət hüququ ilə fərdi ev tikməyə icazə verilir", - deyə Elnur Azadov vurğulayıb.
Aytac Aslan
















