• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Təhsildə hansı yeniliklər olacaq?

CƏMİYYƏT

04 Dekabr 2023 | 14:53

Təhsildə hansı yeniliklər olacaq?

2025-ci ildə yeni təhsil standartları hazırlanacaq və orada STEAM milli kurikulum hissəsinə çevriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, STEAM təhsil sahəsində dəyişməli olan məzmunun nümunəsidir: "Yeni standartlarda 3D robotexnika fənninin məzmununa daxil ediləcək. Bu, həm dərslik, həm də tədris proqramlarında öz yerini tapacaq".

Qeyd edək ki, STEAM - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. STEAM təhsilalanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmlənməsi, əməkdaşlıqetmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.

Bu sistem tam olaraq necə işləyəcək, ümumilikdə, 2024-2025-ci illərdə təhsildə bizi nələr gözləyir?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, müasir dünyada baş verən dəyişikliklər yeni təhsil proqramlarının yaradılmasını zəruri edir ki, bu da müəllimlərin peşəkar səviyyəsinin yüksəldilməsinə xidmət edəcək: “Təhsil standartının əsas vəzifəsi insanların fəaliyyətində elə münasibətlərin təşkilidir ki, bu vasitə ilə məhsulun keyfiyyət və xüsusiyyətlərilə əldə edilməsi təmin olunur. Bu da cəmiyyətin tələbatını təmin edir. Standartlaşdırma cəmiyyətin tarixən dəyişilən tələbatlarına uyğun olaraq praktiki baxımdan bu tələbatların həyata keçirilməsi fəaliyyətini tənzimləyir. Təhsildə standartlaşdırmanın əsas obyektləri təhsilin strukturu, məzmunu, təhsil yükünün həcmi və şagirdlərin hazırlıq səviyyəsinin müəyyənləşməsidir. Təhsil standartları "Təhsil haqqında” qanunun 6-cı və 10-cu maddələri ilə təsdiq edilmiş normativ sənəddir. Bu sənəd təhsil proqramlarının məzmun minimumunu, təhsil alanların maksimum tədris yükünü, şagirdlərin hazırlıq səviyyəsinə tələbatları müəyyənləşdirib və digər normativ sənədlərin hazırlanması üçün əsas yaradıb”.

Onun sözlərinə görə, burada qeyd etmək yerinə düşər ki, təhsil standartları, kurikulumlar təhsilin etalon səviyyəsi olub, müəyyən tarixi dövr üçün cəmiyyətin təhsilə olan tələbatını ödəməlidir: “Dövlət təhsil standartı təhsilin səviyyəsidir ki, bu da şəxsiyyətin bu səviyyəyə yiyələnməsinin dövlət sənədi ilə təsdiqlənməsi ilə nəticələnir. Çünki bu zaman şəxsiyyətin inkişaf göstəriciləri, mənəvi baxımdan tərbiyəlilik səviyyəsi, eləcə də təhsilalma nəticəsində mənfi effektlər nəzərə alınmır. Deməli, məktəbi bitirmiş şagirdin şəxsiyyəti tam qiymətləndirilmir, əslində, dövlət təhsil standartları lazımi səviyyədə həyata keçirilmir. Biz təkrar etməyə məcburuq ki, təhsilin keyfiyyəti yalnız biliklərin kəmiyyəti və keyfiyyəti ilə ölçülmür. Bu zaman şəxsiyyət keyfiyyətləri, vətəndaşlıq səviyyəsinin inkişafı da qiymətləndirilməlidir. O da qeyd edilməlidir ki, əgər təhsil standartları təhsilə yiyələnmənin, yəni bu və ya digər fənn sahəsində qazanılmış koqnitiv biliklərin səviyyəsi müəyyənləşdirilsə, onda standartların qəbul edilməsi və tətbiqi ilə razılaşmaq olar. Bizə belə gəlir ki, milli və fənn kurikulumlarının qəbul edilməsində müəyyən dərəcədə bu cəhət nəzərə alınıb”.

Kamran Əsədov: Təhsildə nəticə yalnız nəticə xatirinə əldə edilməməlidir

Ekspert qeyd edib ki, təhsil kurikulumları xarakterinə görə iki yerə ayrılır: “Onlardan biri fənnyönümlü, ikincisi isə şəxsiyyətyönümlü kurikulum adlanır. Fənnyönümlü kurikulumlar məzmun etibarilə elm sahəsini, onun mükəmməl anlayışlar sistemini əhatə edir. Unutmayaq ki, söhbət dövlət standartlarından və ya fənn kurikulumlarından getdikdə, hər şeydən əvvəl, şagirdlərin həyata hazırlıq səviyyəsindən, şəxsiyyətlərinin formalaşmasından, tərbiyəlilik, vətəndaşlıq səviyyəsindən gedir. Buradan da təhsil müəssisəsinin fəaliyyətinin keyfiyyəti üzə çıxarılıb qiymətləndirilməlidir. Hər cür kəmiyyət göstəriciləri (hətta orta bal) araşdırılmalı, təhlil edilməli, rayon təhsil müəssisəsi üzrə göstəricilərin dinamikası, fənlər, təhsil pillələri, hətta siniflər və ayrıca olaraq müəssisələr üzrə qiymətləndirilməlidir. Bu zaman təhsilə ayrılmış resurslar, xərclər, təşkilati, kadr, elmi metodikaların səviyyəsi nəzərə alınmalıdır”.

“Nəhayət, təhsildə kəmiyyət və keyfiyyət göstəriciləri uşaqların sağlamlıq göstəriciləri hesabına əldə edilməməlidir. Bu zaman sağlamlığı qoruyan texnologiyalara üstünlük verilməlidir. Təhsil elə fəaliyyət sahəsidir ki, burada nəticə yalnız nəticə xatirinə əldə edilməməlidir. Yenilik STEAM-ın kurikulum çətçivə sənədinə və tədris proqramına daxil edilməsi ilə baş verəcək ki, bu da olduqca vacibdir”, - deyə Kamran Əsədov vurğulayıb.

Aytac Aslan


SON XƏBƏRLƏR

26 Iyul 2024