Hər dəfə benzinin və dizel yanacağının qiymətləri bahalaşanda dövlət qurumları keyfiyyətin də yüksələcəyini deyiblər. Sürücülər isə hələ də keyfiyyətin dəyişmədiyini bildirirlər.
Sürücülər, həmçinin neft ölkəsində daxili tələbatı ödəmək üçün “Aİ-95” premium markalı və “Aİ-98” super markalı benzinin istehsal olunmamasından şikayətlənirlər. Avtomobil ustaları da deyirlər ki, Azərbaycanda avtomobil yanacağının keyfiyyətinin aşağı olması mühərriyin ömrünü qısaldır.
Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, 2022-ci ildə dizel yanacağının, 2023-cü ildə isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.
“Məhz bunun üçün Neft Emalı Zavodunda modernizasiya layihəsi aparılır. 2022-2023-cü illərdə bütün yanacaq növlərinin AVRO-5 standartına uyğunlaşdırılması bu ilin əvvəlindən bir neçə dəfə elan olunmuşdu. O cümlədən, yaxın 1-2 il ərzində “Premium” markalı benzin istehsalı Azərbaycanda də mümkün olacaq. Hazırda bu istiqamətdə işlər gedir”,-deyə İbrahim Əhmədov bildirib.
SOCAR sözçüsü “Aİ-95” premium markalı və “Aİ-98” super markalı benzinin istehsalının gecikməsinə səbəb kimi əvvəllər benzinin bu markalarına tələbatın aşağı səviyyədə olmasını göstərib.
Ramid İbrahimov
















