“Karantin qaydaları bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq yumşaldılıb. Sözügedən yumşalma tədbirləri gündəlik həyatımızın bir çox sahələrini əhatə etdiyindən bu, sevindirici haldır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu apa-nın sorğusuna cavabında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. Onun sözlərinə görə, bu məsələdə ölkə əhalisinin 48 faizinin 2 doza peyvənd qəbul etməsi də xüsusilə qeyd olunmalıdır:
“Məhdudiyyətlərin bir çoxunun aradan qaldırılmasından sonra biz özümüzü qorumaq üçün daha çox səy göstərməli və qoruyucu tədbirlərə davam etməliyik. Bu tədbirlər maska taxmaq, fiziki məsafə saxlamaq, əlləri tez-tez sabunla yumaq və ya dezinfeksiyaedici məhsulla təmizləmək, qapalı məkanları tez-tez havalandırmaq daxildir. Peyvəndlər sözügedən qoruyucu tədbirlərlə müşayiət olunduqda daha təsirli olur və nəticədə özümüzü və yaxınlarımızı xəstəliyə yoluxma və ağırlaşma hallarından qoruyur”.
















