• Bakı 10° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

Regionda yeni risk: Dənizdən buraxılan raketlər

SİYASƏT

14 Aprel 2026 | 14:19

Regionda yeni risk: Dənizdən buraxılan raketlər

Şimali Koreyanın son dövrlərdə dənizdən buraxılan raket sınaqlarını intensivləşdirməsi regionda hərbi balansla bağlı narahatlıqları artırıb. Bu addımların həm texnoloji, həm də strateji baxımdan yeni mərhələyə keçid kimi qiymətləndirildiyi bir şəraitdə, rəsmi Pxenyanın mesajlarının hədəfi də daha geniş müstəviyə yayılır. Xüsusilə ölkə lideri Kim Çen İnin bu sınaqlarda şəxsən iştirak etməsi diqqət çəkir.

Şimali Koreyanın dənizdən buraxılan raket sınaqları regionda hərbi balansı hansı istiqamətdə dəyişə bilər və Kim Çen İnin bu prosesdə birbaşa iştirakı ölkənin hərbi strategiyası baxımından nəyi ifadə edir?

Mövzuyla bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirib ki, Şimali Koreya müntəzəm olaraq raket sınaqları həyata keçirir və bu addımlar həm Cənubi Koreya, həm də Yaponiya tərəfindən ciddi təhlükəsizlik təhdidi kimi qiymətləndirilir. ABŞ-nin məsələyə mümkün müdaxiləsi də getdikcə daha çox müzakirə olunur. Hətta Yaponiya yeni hökumət səviyyəsində NATO-dan kənar bölgədə müstəqil hərbi birlik yaradılması təşəbbüsü ilə çıxış edib. Lakin bu ideyanın reallaşması çətin görünür. Çünki ABŞ bu məsələdə hələlik kifayət qədər həvəsli mövqe nümayiş etdirmir:

"Şimali Koreya lideri Kim Çen Inın sınaqlarda şəxsən iştirak etməsi və uzaq mənzilli raket proqramına xüsusi önəm verməsi vəziyyəti daha da gərginləşdirir. Bu cür silahların inkişafı artıq qlobal təhlükəsizlik üçün ciddi risk hesab olunur. Məsələn, ABŞ-nin İrana qarşı sərt mövqe sərgiləməsinin əsas səbəblərindən biri də Tehranın uzaq mənzilli raket imkanlarını genişləndirməsi ilə bağlı idi. Bu raketlərin ABŞ-nin böyük şəhərlərini hədəfə ala biləcəyi dəfələrlə vurğulanıb".

Zeynal Əmrəliyev: Bu, ümumilikdə dünya üçün təhlükə yaradır

Politoloqun sözlərinə görə, oxşar strategiyanı Şimali Koreya da izləyir. Son dövrlərdə yüksək dağıdıcı gücə malik və uzun məsafələri qısa müddətdə qət edə bilən raketlərin sınaqları intensivləşib. Bu isə təkcə region üçün deyil, ümumilikdə dünya üçün təhlükə yaradır:

"Hazırkı hərbi reallıqlar fonunda artıq təkcə nüvə silahları deyil, uzaq mənzilli raketlər də əsas təhlükə faktoruna çevrilib. ABŞ, Şimali Koreya və İran kimi ölkələrin bu sahədə əldə etdiyi imkanlar həm dağıdıcılıq gücünə, həm də məsafə baxımından ciddi narahatlıq doğurur".

Ekspert qeyd edib ki, gözləntilərə görə, ABŞ bu vəziyyətə yalnız müttəfiqlərini - Cənubi Koreya və Yaponiyanı qorumaq üçün deyil, eyni zamanda öz təhlükəsizliyini təmin etmək məqsədilə də reaksiya verməli olacaq. Böyük ehtimalla yay aylarına doğru Koreya yarımadası sahillərində genişmiqyaslı hərbi təlimlərin keçirilməsi müşahidə oluna bilər.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR