“Sosial Tədqiqatlar Mərkəzinin “İnam indeksi” silsiləsinin davamı olaraq təqdim edilən bu icmalda 2022-ci ilin may-avqust aylarında Prezident İlham Əliyevin yüksək ictimai-siyasi fəaliyyəti sosioloji sorğu əsasında vətəndaş rəyində qiymətləndirilib".
Bakıvaxtı.az xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədr müavini Elşad Mirbəşiroğlu bildirib.
Onun sözlərinə görə, məqsəd dövlət başçısının ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə ictimai münasibəti öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.
E.Mirbəşiroğlu qeyd edib ki, Prezidentin genişmiqyaslı fəaliyyət xronikasından cari ilin may-avqust ayları üçün xüsusi aktuallıq kəsb edən müxtəlif məsələlər ictimai rəy sorğusu əsasında dəyərləndirilib: “Beləliklə, təqdim edilən rəy sorğusunda respondentlərə aşağıdakı istiqamətlər üzrə suallar ünvanlanıb:
- Əhalinin Prezidentə, I Vitse-prezidentə, həmçinin hakimiyyətin digər qollarına, parlament və məhkəmə təsisatlarına, yuxarı icra orqanı kimi Nazirlər Kabinetinə və yerli icra hakimiyyəti orqanlarına olan inam və etimadının öyrənilməsi;
- Prezidentin müxtəlif istiqamətlərdə fəaliyyətinə ictimai münasibətin öyrənilməsi;
- Dövlət orqanlarının fəaliyyətinə ictimai münasibətin öyrənilməsi;
- Postmüharibə dövründə Prezidentin sülh gündəliyi;
- Böyük qayıdışa hazırlıq və quruculuq işlərinə ictimai münasibət;
- Əhalini narahat edən əsas problemlərin və Prezidentdən əsas gözləntilərin müəyyənləşdirilməsi;
- Prezidentin informasiya-kommunikasiya siyasətinin qiymətləndirilməsi”.
Sədr müavini bildirib ki, tədqiqatın metodoloji prinsipləri Sorğu Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan iqtisadi rayonlarında keçirilib və 1068 respondentin rəyi öyrənilib: “Tədqiqat çərçivəsində respondentlərin seçimində təsadüfi seçmənin klaster üsulundan istifadə edilib. Respondentlərin seçimində gender balansı qorunub. Sorğuda əhatə edilmiş respondent sayına (1068 nəfər) əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edib. Sorğunun hər respondent üzrə orta davametmə müddəti 17 dəqiqə 4 saniyədir. Sahə işi 2022-ci ilin 12 sentyabr– 27 sentyabr tarixlərində icra edilib”.
Dediyinə görə, sorğunun nəticələrinə əsasən respondentlərin 84.7%-i Prezidentə tam etibar etdiyini, 10.6%-i əsasən etibar etdiyini bildirib: “Cəmi 2.9% respondent əsasən etibar etmədiyini, 1.3% respondent heç etibar etmədiyini qeyd edib. Respondentlərin 0.5%-i bu barədə mövqe bildirməkdə çətinlik çəkib. I Vitse-prezidentə münasibətdə sorğu iştirakçılarının 75.4%-i tam etibar etdiyini, 15.3%-i əsasən etibar etdiyini bildirib Respondentlərin cəmi 1.6%-i əsasən etibar etmədiyini, 5.5%-i heç etibar etmədiyini qeyd edib. 2.2% respondent bu istiqamətdə fikir bildirməkdə çətinlik çəkib. Nəticələrin təhlili respondentlərin əksəriyyətinin mənsub olduğu yaş qrupundan, təhsil və gəlir səviyyəsindən, yaşayış yerindən asılı olmayaraq Prezidentə və I Vitse-prezidentə inam və etimadının yüksək olduğunu göstərir”.
Ramid İbrahimov
















