“Sosial platformalarda uşaqların fərdi məlumatlarının qorunması məsələsində əsas prinsiplərdən biri məlumatların yalnız müəyyən edilmiş konkret məqsədlər üçün toplanmasıdır”.
Bakıvaxtı.az xəbər verir ki, Milli Məclisdə keçirilən müzakirələrdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqların onlayn təhlükəsizliyi və rəqəmsal platformaların məsuliyyəti barədə danışarkən bu məqama toxunub.
Komitə sədri bildirib ki, uşaqların ən çox istifadə etdiyi rəqəmsal oyun və ünsiyyət platformalarında, xüsusilə Roblox kimi böyük şəbəkələrdə fərdi məlumatların təhlükəsizliyi ciddi nəzarətdə saxlanılmalıdır. Onun sözlərinə görə, bu platformalar uşaqların məlumatlarını yalnız sistemin işləməsi və konkret sorğuların cavablandırılması üçün istifadə etməli, müəyyən olunmuş məqsəd başa çatdıqdan sonra isə həmin datalar sistemdən tamamilə silinməlidir.
Bahar Muradova vurğulayıb ki, bu yanaşma Avropa İttifaqının rəqəmsal ekspertizasının əsasını təşkil edən GDPR (General Data Protection Regulation – Ümumi Məlumatların Qorunması Reqlamenti) qaydalarına tamamilə müvafiqdir:
“Azərbaycan dövləti də rəqəmsal mühitdə uşaq hüquqlarının müdafiəsi istiqamətində məhz bu beynəlxalq standartlara əsaslanan hüquqi yanaşmanı tətbiq etmək üzərində işləyir. Roblox və digər bu qəbildən olan platformaların daxili qaydaları ölkəmizin qanunvericilik tələblərinə və uşaqların təhlükəsizliyi prinsiplərinə uyğunlaşdırılmalıdır”.
Zeynəb Rzayeva
Bakı 



