• Bakı 32° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Rusiya Ermənistanda Köçəryan üzərindən yeni siyasi oyun qurur

DÜNYA

04 Avqust 2025 | 13:06

Rusiya Ermənistanda Köçəryan üzərindən yeni siyasi oyun qurur

Son günlər Moskva yenidən Ermənistanın daxili siyasətinə təsir imkanlarını gücləndirməyə çalışır. Bu dəfə hədəfdə Robert Köçəryan və onun timsalında “Qarabağ klanı” var.

Rusiya ilə münasibətlərin gərginləşdiyi bir dövrdə, Kreml artıq Nikol Paşinyanı etibarlı tərəfdaş kimi görmür və siyasi dəyişiklik üçün yeni kanallara yönəlir. Bu çərçivədə Köçəryanın son açıqlamaları - “Ermənistanın yeganə etibar edə biləcəyi tərəf Rusiyadır” və “sülh sazişinin yeganə qarantoru da Rusiya olmalıdır” fikirləri - Moskvanın bu xəttinin səsləndirilməsi kimi görünür.

Kreml bu strategiya ilə bir neçə məqsədə çatmaq istəyir: Ermənistanı Qərb orbitindən uzaqlaşdırmaq, sülh prosesində əsas söz sahibi kimi çıxış etmək və daxildə özünə sadiq olan yeni hakimiyyət alternativi formalaşdırmaq. Köçəryanın seçilməsi təsadüfi deyil - onun həm Putinə şəxsi yaxınlığı, həm də keçmiş rəhbərlik dövründə Moskva ilə isti münasibətləri bu plan üçün əlverişli zəmin yaradır.

Ancaq bu ssenarinin ciddi çatışmazlıqları da var. Ermənistanda ictimai rəy Köçəryanın və onun təmsil etdiyi klanın əleyhinədir. Xüsusən gənc nəsil və siyasi fəal təbəqə onu köhnə sistemin simvolu kimi qəbul edir. Paşinyan hökumətinə yönəlik tənqidlər artsa da, Köçəryanın alternativ kimi təqdim olunması geniş dəstək qazanmır. Bu baxımdan, Moskvanın bu cəhdi daxildə istənilən effekti verməyə və ya arzuolunmaz qarşıdurmalara səbəb ola bilər.

Digər tərəfdən, bu plan Ermənistan-Azərbaycan münasibətlərinə də təsirsiz ötüşməyəcək. Hazırkı hökumət sülh müqaviləsinə yaxınlaşma baxımından daha realist görünürsə, Köçəryan qrupunun hakimiyyətə gəlişi prosesi ləngidə və ya Moskvanın nəzarətinə verə bilər. Bu isə regionda əlavə qeyri-müəyyənlik və gərginlik riski yaradır.

Rusiya, əslində, bu manevrlə Ermənistana xəbərdarlıq edir: ya Paşinyan Kreml xəttinə uyğunlaşır, ya da alternativ “müttəfiq” qüvvələr önə çəkilir. Bu yanaşma Cənubi Qafqazda yeni geosiyasi qarşıdurmanın xəbərçisi ola bilər və xüsusilə Qərb dairələrinin diqqətlə izlədiyi bir ssenaridir. Azərbaycanın bu kontekstdə siyasi sabitliyi qoruması və situasiyanı düzgün oxuması isə strateji əhəmiyyət daşıyır.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR