Xəbər veriyimiz kimi, Türkiyənin xarici işlər naziri Mövlud ÇavuşoğluUkrayna və Rusiyanın birgə bəyannamə üzərində işlədikləri barədə fikir səsləndirib. Onun sözlərinə görə, sənəd Ukraynadakı vəziyyəti nizamlamaq üçün hazırlanır. Çavuşoğlu mətn üzərində işləməklə yanaşı, pərdəarxası diplomatiyanın da davam etdiyin deyib.
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Bakıvaxtı.az-a Ukraynadakı bu proseslərin tezliklə sona çatacağını düşünmür: “Təbii ki, hər birimiz arzulayır, istəyirik ki, münaqişə tezliklə sülh və danışıqlar yolu ilə həll olunsun. Amma baş verən proseslər insanların istəyi ilə cərəyan etmir”.
Onun sözlərinə görə, Rusiya rəsmilərinin mövqeyi də bundan ibarətdir ki, Rusiyanın Ukraynada apardığı xüsusi əməllər planlaşdırıldığı şəkildə davam edir. Real mənzərəyə gəlincə, müsahibimiz proseslərin belə tezliklə sonlanacağına inanmadığını bir daha vurğulayıb: “Çünki Rusiyanın Ukraynada atdığı addımlar və Ukraynada baş verən proseslər heç də Rusiya ilə Ukraynanın qararı nəticəsində cərəyan etmir. Həmin o proseslər daha çox kənar müdaxilələr nəticəsində cərəyan edir. Diqqət etsək, görərik ki, Türkiyədə tərəflərin apardıqları müzakirələr Qərb dövlətlərinin müdaxiləsindən sonra, demək olar ki, pozulub və davamı gəlmədi”. X.Bəşirova görə, bu gün proseslərin davam etməməsi bir daha sübut edir ki, bir sıra qüvvələr Ukraynada baş verən proseslərin tezliklə sonlanmasında maraqlı deyillər, əksinə proseslərin daha da davam etdirilməsini və münaqişənin alovlanmasını istəyirlər: “Çox təəssüf ki, bu, belədir. Düşünürəm, dünya birliyi eyni prizmadan yanaşıb həmin proseslərin sülh və danışıqlar yolu ilə həll olunmasında ən azı Türkiyə qədər cəhd göstərsə, münaqişə çoxdan həll olunardı”.
Politoloq hesab edir ki, bu proses tezliklə yekunlaşsa belə, Rusiyanın ora daxil olmasından sonra sadəcə, əsgərlərini yığıb Ukraynanı tərk etməsi də heç inandırıcı deyil. Dediyinə görə, bu halda Rusiyanın özündə belə insanlar ciddi çaxnaşma yaradacaqlar: “Rusiya dövlətinin rəsmi və qeyri-rəsmi məlumatlarına görə, həm canlı, həm də texnika baxımından çoxlu itkiləri var. Təbii ki, vətəndaşlar ölkə rəhbərliyi qarşısında məsələ qaldıracaqlar ki, əgər belə bir sonluqla nəticələnəcəkdirsə, niyə Rusiya Ukraynaya müdaxilə etdi, itkilər verdi?! Ona görə, Rusiya tərəfi hər bir halda bu prosesdə istəyinə nail olmağa çalışacaq, Ukrayna tərəfi də Qərb dövlətlərinin ona verdiyi sadəcə münaqişənin uzadılmasına nail ola biləcəyi silahlardan istifadə edib Rusiyaya qarşı mübarizə aparacaq”.
Onun fikrincə, razılıq əldə edilsə belə, Rusiya Ukraynanın bir hissəsini nəzarət altında saxlamağa çalışacaq.
Aytac Aslan
















