Samur-Abşeron su kanalı antisanitar vəziyyətdədir. Belə ki, su kanalı zibil və çirkabın içindədir.
Bakıvaxtı.az xəbər verir ki, həmin ərazidə yaşayan əhali kanalın çirkliliyindən, bununla yanaşı zibil qutularının yoxluğundan şikayətçidirlər. Sakinlərin sözlərinə görə, hansı quruma müraciət etsələr də, bu problem həllini tapmır.
Məsələ ilə bağlı "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin mətbuat katibi Dilqəm Şərifov Bakıvaxtı.az-a bildirib ki, ərazi hər həftənin əvvəlində təmizlənir, həftəsonu sakinlər kanala yenə zibil atır: "Biz həmişə bu məsələ ilə bağlı açıqlama veririk. Demək olar ki, ən yaralı yerlərimizdən biridir. Yaşayış ərazisinə yaxın kanallarda bu problemlər yaşanır”.
D.Şərifov qeyd edib ki, su təsərrüfatı obyektləri ölkənin milli sərvətidir: “Bunu qorumağa çalışmalıyıq. Çalışaq həmin kanallara, su hövzələrinə zibil atmayaq. Qeyd etmək istəyirəm ki, bu, sağlamlıq baxımından özümüzə də ziyandır. Göründüyü kimi, həmin tullantılar yığılır qurğulara və onları sıradan çıxarır. Bizim sahə rəisləri əraziləri gəzirlər, nəzarət edirlər, həmin kanallar tez-tez təmizlənir”.
Müsahibimiz fürsətdən istifadə edərək vətəndaşlara ərazini zibilləməməyə çağırıb.
Xəyalə Rza