"İndikilər bilməz... Yaşar atam, 10 ildi yoxsan, sizə şikayətim olacaq. Vaxtsız getməyiniz bir çox sənət adamlarını böyüksüz, öksüz qoydu. Kötüklər getdi, qalmışıq çör-çöp əlində".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı-aktyor Sərxan Kərəmoğlu sosial şəbəkə hesabında yazıb. Mərhum Xalq artisti Yaşar Nuri ilə bağlı paylaşım edən Sərxan bir çoxlarına ad çəkmədən söz də atıb:
"Şantaj və bədənsatanlarla qalmışıq baş-başa. Sənətdən başqa hər şey var indi. 10 ildə çox şeylər dəyişdi, yəqin xəbərin var. O yaşadığın binanın qarşısında səni görmək üçün dayananlar, indi heç o binanı xatırlamır. Evinə gəlib səninlə həmsöhbət olmaq istəyənlər, heç o evdəkilərin indi acdılar və ya toxdular deyə maraqlanmırlar. "Rəhimə xanım" deyəndə 10 dənə də ağzının qırağından Rəhimələr tökülənlərdən soruşsan, heç "Rəhimə kimin adıdır" deyə səndən soruşarlar.
Çox şey dəyişdi, ata. Mənim mənəvi atam, həm də dostum idin. Soruşsan ki, bəs sən niyə heç məni ziyarət etmirsən? Cavabım budur, Yaşar ata: Sən mənim üçün zatən ölməmisən ki, sənin məzarını ziyarət edəm. Gəldiyim o evə gedə bilmərəm ki... Birdən gedərəm, məni qarşılamazsan, bax, o vaxt sarsılar və sənin yoxluğunu hiss edərəm.
Bu günə qədər ən sevdiyim sənət dostlarımın məzarını ziyarətə getmədim. Bilirəm, bəlkə düz deyil, amma hər adamın öz həqiqətləri var".
Qeyd edək ki, bu gün Yaşar Nurinin anım günüdür.
















