• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəhid ailələri və məcburi köçkünlər SOYUQDAN DONURLAR 

GÜNDƏM

12 Dekabr 2022 | 11:54

Şəhid ailələri və məcburi köçkünlər SOYUQDAN DONURLAR

3 il öncə Şirvan şəhərində istifadəyə verilən məcburi köçkünlərin yaşayış kompleksinin sakinləri soyuqdan donurlar.

Bakıvaxtı.az xəbər verir ki,  qanunvericiliyə görə, istilik mövsümü noyabrın 15-də başlasa da, buranın sakinlər olan məcburi köçkünlər və şəhid ailələri hələ də istiliklə təmin olunmayıb.

Yaşayış kompleks istifadəyə verildiyi ildən bəri bu problemlə üzləşdiklərini deyən sakinlər dəfələrlə müvafiq qurumlara müraciət etdiklərini deyirlər. Amma problem həll olunmayıb.

Sakinlər deyirlər ki, mənzil kommunal istismar sahəsinin əməkdaşları ötən illərdə onlardan 10-20 manat arasında ödəniş tələb ediblər. Sakinlərin əksəriyyəti ödəniş etsə də, onlara qəbz verilməyib. Bu il isə sakinlərdən 40-50 manat ödəniş tələb edirlər. Ödəniş etməyən bəzi sakinlərə görə, bütün qəsəbənin istilik sistemi verilmir.

Məcburiyyət qarşısında bəzi sakinlər çoxmərtəbəli yaşayış binasında təhlükəsizlik standartlarına uyğun gəlməyən odun peçləri quraşdırıblar.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Bakıvaxtı.az-a bildirib ki, Şirvanda istifadəyə verilmiş yaşayış kompleksində qurulmuş qazanxanaların istismara hazırlıq aktı Azəristiliktəchizat və digər qurumların nümayəndələri tərəfindən imzalanıb.

"Dövlət Komitəsinin müraciətlərinə baxmayaraq, qazanxanalar müvafiq qaydada balansa götürülməyib.  Məlumat üçün bildirək ki, məcburi köçkünlərin istifadə etdikləri kommunal xidmətlərə görə sayğac əsasında yaranmış borc aidiyyəti kommunal xidmət qurumlarına abunə müqaviləsi əsasında ödənilir. Dövlət Komitəsi tərəfindən aidiyyəti quruma adıçəkilən qəsəbədə sayğacların quraşdırılması üçün dəfələrlə müraciət edilib. Diqqətinizə çatdırırıq ki, məcburi köçkünlər istifadə etdikləri kommunal xidmətlərin haqqını, müvafiq fərmana əsasən, onlara dövlət tərəfindən verilən vahid aylıq müavinətdən  ödəyirlər. Bununla bağlı, Dövlət Komitəsinin aidiyyəti şöbəsi, yerli nümayəndəlik və Mənzil Kommunal  İstismar Sahələri  tərəfindən mütəmadi olaraq məcburi köçkünlər arasında təbliğat və maarifləndirmə aparılır.

Nəzərinizə çatdırırıq ki, Dövlət Komitəsi problemin həlli istiqamətində işləri davam etdirəcək", - deyə Dövlət Komitəsindən bildirilib. 

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026