Çin Prezidenti Şi Cinpin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla 20 yanvarda keçiriləcək andiçmə mərasimindən əvvəl telefon danışığı aparıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Şi Cinpin Trampla danışıqda onu təbrik edib, Çin-ABŞ münasibətlərində yeni dövrə başlanılmasını arzuladığını bildirib. O, iki ölkənin geniş əməkdaşlıq potensialına malik olduğunu, dostluq və ortaq rifahın inkişaf etdirilməsinin mümkünlüyünü vurğulayıb.
Tayvan məsələsinə toxunan Şi bunun Çinin ərazi bütövlüyü ilə bağlı olduğunu qeyd edərək, ABŞ-nin bu mövzuda həssas davranmasının vacibliyini qeyd edib.
Donald Tramp isə görüşün səmərəli keçdiyini və hər iki ölkə üçün birgə işləməyə hazır olduğunu bəyan edib. Liderlər qarşılıqlı maraq doğuran məsələlərdə mütəmadi əlaqə üçün strateji kanalların yaradılmasına razılıq veriblər.
Qeyd edək ki, Trampın andiçmə mərasimində Çin Prezidenti Şinin xüsusi nümayəndəsi, Prezidentin müavini Xan Cin iştirak edəcək.
Əli Hüseynov