• Bakı 10° C

    9.33 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Son 10 gündə 5 qadın cinayəti 

CƏMİYYƏT

27 Iyul 2021 | 11:39

Son 10 gündə 5 qadın cinayəti

Təəssüf ki, son 10 gündə azı 4-5 qadın cinayəti xəbəri çıxıb. Maraqlısı odur ki, cinayətlərin əksəriyyəti şəxsi münasibətlər zəminində törədilib. Belə ki, boşanmaq, ayrılmaq istəyən qadınlara ərləri etiraz edərək qətlə yetirib.

Bəs boşanmaq ərəfəsində olan qadınları öldürən şəxslərə fərqli cəza tədbiq edilir? Qadınlar qətlə yetirilməmək üçün hansı hüquqlarından istifadə edə bilərlər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Ar Vəkillər Kollegiyasının üzvü Bəhruz Orucov şəxsin boşanmaq istədiyi üçün öldürülməsinə aid ayrıca cəza tədbiq edilmədiyini qeyd edib:

İlk növbədə qeyd etmək istərdim ki, buna oxşar vəziyyətlərdə əgər ər arvadı qəsdən həyatdan məhrum edibsə, onun əməlinə AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə hüquqi qiymət verilməlidir. Lakin cinayət qanunvericiliyi şəxsin nigahın pozulması ilə bağlı verdiyi ərizəyə görə qəsdən öldürməsi əməlinə ayrılıqda cəza müəyyən etməmiş, bu halda şəxsə yalnız 120.1-ci maddəsi üzrə ittiham irəli sürülməsi nəzərdə tutulmuşdur. Eyni zamanda cinayət qanunvericiliyi eyni əməlin daha ağır formada törədilməsinə görə daha ağır cəzalar müəyyən etmişdir. Buna misal kimi xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməni göstərmək olar.

O, Azərbaycanda qadın zorakılığının qarşısının alınması üçün kifayət qədər qanunvericilik bazasının olduğunu qeyd edib:

Bununla bağlı qeyd etmək yerinə düşərdi ki, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasında kifayət qədər qanunvericilik bazası mövcuddur. Zorakılığa qarşı effektiv tədbirlərdən biri kimi mühafizə orderinin alınmasını göstərmək olar. Mühafizə orderi nədir? Məişət zorakılığı törətmiş şəxsin zərər çəkmiş şəxsə qarşı edə biləcəyi hərəkətlərə tətbiq olunan məhdudiyyətlər haqqında aktdır. Qanunla zərərçəkmiş şəxsə qısamüddətli və ya uzun müddətli mühafizə orderi verilə bilər. Qeyd edim ki, məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərdən biri də məişət zorakılığından zərərçəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsidir. Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa və qısamüddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə, zərərçəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə zərərçəkmiş şəxsin yaşadığı (olduğu) yer üzrə verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizədə məişət zəminində qəsdən törədilən fiziki, psixi və ya cinsi zorakılıq və iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi nəticəsində zərərçəkmiş şəxsə fiziki və ya mənəvi zərər vurulmasını təsdiq edən hallar şərh edilməli, ərizəçinin xahişi göstərilməlidir.

Bəhruz Orucov məsələnin köklü həll edilməsi üçün maarifləndirmə işlərinin aparılmasının vacibliyini də vurğulayıb:

Cəmiyyət inkişaf etdikcə, buna uyğun olaraq qanunvericilik bazası da təkmilləşdirilir. Amma bir məqamı vurğulamaq lazımdır ki, qanunların qəbul edilməsi hələ bu sahədə məsələnin köklü həll edilməsi demək deyil. Bununla bağlı vətəndaşlar, ictimai birliklər, qeyri-hökümət təşkilatları da öz töhvələrini verməli, bu sahədə insanların maarifləndirilməsi istiqamətində də əməli addımlar atılmalıdır. Bundan əlavə, bu tip cinayətlərin törədilməsi dinamikası, səbəbləri və bu səbəbləri doğuran amillər araşdırılmalı, insanların maarifləndirilməsi üçün dərsliklər hazırlanmalıdır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026